Azərbaycan Premyer Liqasının 20-ci turunda maraqlı və prinsipial qarşılaşmalar baş tutacaq.
İşin maraqlı tərəfi turnir cədvəlinin ilk “4-lüy”ündə qərarlaşanların bir-birinə rəqib olmasıdır.
Qeydə alınacaq nəticələrdən sonra turnir tablosunda müəyyən yerdəyişmələrin yaşanması gözləniləndir ki, bu məqam komandaların məsuliyyətini xeyli artıracaq.
“Qarabağ”ın gücünü və aradakı səviyyə fərqini nəzərə alsaq, “Zirə”nin çempionatın lider komandasına badalaq vuracağı çətin görünür.
Odur ki, diqqətlər “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Qəbələ” görüşünə yönələcək.
“Neftçi” rəqib tanımır
Qış fasiləsinə qədər qeyri-sabit nəticələrlə yadda qalan “ağ-qaralar” qış fasiləsindən sonra kifayət qədər inamlı təsir bağışlayır.
Bakılılar fevraldan bu yana Premyer Liqada və Azərbaycan Kubokunda keçirdiyi 7 oyunun 5-də qalib gəlib, 1-də heç-heçə edib və yalnız “Qarabağ”a məğlub olub. İşin maraqlı tərəfi “Neftçi”nin son 5 duelin hamısında qələbəyə sevinməsidir.
“Qəbələ” əsas rəqibləri ilə bacarmır
Təəssüf ki, eyni sözləri “Qəbələ” haqda deyə bilməyəcəyik. Bölgə təmsilçisi də qış fasiləsindən sonra 7 oyunda meydana çıxıb. Lakin statistik durum “Neftçi”dəkindən fərqli olaraq ürəkaçan deyil.
“Qırmızı-qaralar” 3 matçda qalib gəlib, 2-də heçh-heçə oynayıb, 2 halda meydanı məğlub tərk edib. Məhz bunun nəticəsidir ki, çempionatın ilk yarısını 2-ci pillədə başa vuran qəbələlilər hazırda 4-cü sırada yer alıb.
Böyük hesablı məğlubiyyətlər
Çempionatın sürpriz komandasının ən böyük problemi təqvimin üzünə gülməməsidir. Əsas narahatlıq “Qəbələ”nin 3-cü dövrədə Premyer Liqadakı əsas rəqibləri ilə oyunların səfərdə baş tutmasıdır.
“Sabah” və “Qarabağ”la Bakıda oynayan Elmar Baxşıyevin çalışdırdığı kollektiv hər iki dueldən böyük hesablı yenilgi ilə ayrılmışdı. Müvafiq olaraq 0:3 və 1:5. Bu dəfəki imtahan “Neftçi”ylə oyunda veriləcək və yenə Bakıda.
Uğursuz təqvim
Ümumiyyətlə, təqvim “Qəbələ” üçün uğursuz hesab olunmalıdır. Bölgə təmsilçisi son 3 oyunu ilk “4-lük”dəki rəqiblərinə qarşı keçirmək məcburiyyətində qalıb.
Martın 6-da Bakıda “Qarabağ”la qarşılaşdı, 8 gündən sonra Qəbələdə “Zirə”ylə oyun 2 günə tamamlandı. Bu dəfə isə nəyə qadir olduğunu “Neftçi”yə göstərməlidir.
12 gün ərzində 3 əsas rəqiblə qarşılaşmaq nə Elmar Baxşıyev, nə də futbolçuları üçün arzu olunandır.
Qısa müddətdə ağır oyunlar keçirib bərpa dövrünü uğurla tamamlamaq və ardınca növbəti ağır oyuna hazırlaşmaq asan görünməsin. Üstəlik, söhbət məhdud heyətə və büdcəyə sahib “Qəbələ”dən gedirsə.
Qələbənin önəmi
Martın 18-dəki oyunun hər iki tərəf üçün ağır olacağına şübhə etməyə dəyməz. Çünki qələbə hər iki tərəfə hava-su kimi vacibdir.
Mümkün 3 xal turnir cədvəlindəki vəziyyətə və komandadaxili ab-havaya ciddi mənada öz təsirini göstərəcək.
“Neftçi”nin məğlubiyyətsiz oyunlar seriyasının qırılması təqdirində həm “Qəbələ” turnir cədvəlində önə keçə, həm də 5-ci pillədəki “Sabah”la xal fərqi azala bilər.
Yox, qəbələlilər meydanı məğlub tərk etsə, medal verən ilk 3 pillədəki yerlərlə xal fərqi artacaq. Bu halda kollektivdəki özünəinamı qorumaq da Baxşıyev üçün çətin olacaq.
“Qəbələ” “Neftçi”dən çəkinmir
“Neftçi”nin “Qəbələ” ilə oyunları hər zaman prinsipiallığı ilə yadda qalıb. Xüsusən 0:8-in vurduğu yaranın ağrısı hələ də hiss olunmaqdadır.
Cari mövsümün ilk yarısında komandalar arasında baş tutan oyunlardakı nəticələr də bu dəfəki qarşılaşmanın gərgin keçəcəyindən xəbər verir.
Mövsümün açılış turunda qəbələlilər “Bakcell Arena”da qələbəyə yaxın olsa da, matç 2:2 hesablı bərabərliklə başa çatmışdı. Dekabrın 15-də Qəbələdə keçirilən oyun da heç-heçə yekunlaşmışdı – 1:1.
Ötən mövsüm qəbələlilər tarixinin ən çətin günlərini yaşayanda, “Neftçi” isə çempionluğa inamla addımlayanda, komandalar arasında baş tutan 4 oyunun 2-də bakılılar istəyinə çatmış, 2 oyun bərabərliklə sonuclanmışdı.
Əksəriyyət bu dəfəki görüşdə də tərəflərin meydanı 1 xalla tərk edəcəyini təxmin edir. Lakin hansı komandanın 3 xal arzusuna çatacağını cümə günü saat 19:37-də başlayacaq oyunun yekunu göstərəcək.
HƏBİB

