Rəqibin baş məşqçisindən “Qarabağ”a qucaq dolu TƏRİF

28 Noyabr 2021 19:00 Qəbələ 1 487
Rəqibin baş məşqçisindən “Qarabağ”a qucaq dolu TƏRİF

Noyabrın 29-da qarşılaşacaq “Qarabağ”la “Qəbələ”nin hazırkı gücünü tərəzinin gözlərində eyniləşdirmək, istəsək də, mümkün deyil.

“Köhlən atlar”ın aparıcı 3-4 futbolçusunun illik maaşı “Qəbələ”nin 1 illik büdcəsinə bərabərdir.

Heyətinə, sərgilədiyi futbola və avrokuboklardakı çıxışına görə ölkə daxilində bir nömrə olan ağdamlılar “Omoniya” ilə matçdan sonra növbəti çətin sınaq qarşısındadır.

İşin çətinliyi “Qəbələ”nin heyəti yox, komandada olan mübarizlik və cari mövsümdə əldə etdiyi nəticələrdir.

Ağdamlılar 11 oyundan sonra 26 xalla turnir cədvəlinin ilk pilləsindəki yerini bərkidibsə, qəbələlilər eyni sayda oyun keçirməklə aktivinə 21 xal yazıb.

Meydan sahiblərinin favorit göstərilən rəqibini büdrədəcəyinə inananların verdiyi proqnoz anlaşılandır.

Doğma meydan amili və “Qarabağ”lıların öyrəşmədiyi hava şəraiti “qırmızı-qaralar”a nisbi üstünlük yaradır. Bununla yanaşı, Qurban Qurbanovun yetirmələrinin cümə axşamı “Omoniya” ilə oyununu unutmaq olmaz.

İtirilən güc fiziki planda müəyyən çətinlik yarada bilərsə, qələbədən əldən verilməsi psixoloji durumda müəyyən problemlərə yol aça bilər.

Yəni, hər iki tərəfin xeyrinə olan məqamlar yetərincədir.

Maraqlıdır ki, Elmar Baxşıyev bu cür düşünmür. Bölgə təmsilçisinin 41 yaşlı çalışdırıcısı Sportinfo.az-a verdiyi açıqlamada sadalanan amillərin rəqibə təsir etməyəcəyini deyib:

“Sadaladığınız amillər bəlkə də başqa komandalara təsir edə bilər, amma “Qarabağ”a inanmıram. Çünki bu komanda hər cür çətinlik görüb, çıxış yolu tapıb və möhkəmlənib.

Hesab etmirəm ki, Qəbələdəki meydan amili, yaxud hava şəraiti və ya “Omoniya” ilə oyundakı heç-heçə “Qarabağ”ın futbolçularının işini çətinləşdirsin.

“Qarabağ”ın səviyyəsi Azərbaycan hüdudlarını açıb, bu, hamıya məlumdur. İndiyə qədər o qədər rəqib meydanlar və müxtəlif hava şəraitinə sahib ölkələr gəziblər ki. Hər iki komanda meydana çıxıb, öz oyununu göstərəcək”.

Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşü noyabrın 29-u, saat 16.00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti