Elmar Baxşıyevin “Qəbələ”yə nə xeyiri var?

8 Noyabr 2021 21:00 Qəbələ 921
Elmar Baxşıyevin “Qəbələ”yə nə xeyiri var?

Ötən mövsümün bu vaxtı «Qəbələ» turnir cədvəlinin 7-ci pilləsində özünə «məskən salmışdı».

Sabaha ümidi olmayan çarəsizlər kimi meydanda halay vurur, mətbuatda haray çəkirdilər.

Həmin perioda sondan ikinci yerdə gedən «Qəbələ» hazırda əvvəldən ikinci sırada özünə yer edib.

Beləcə, Elmar Baxşıyev baş məşqçi kimliyinə inanmayanları bir-birinin ardınca «sıradan çıxarır».

Bu müddətdə onların sayı yetərincə azalıb və işdir, «Qəbələ» mövsümün sonunda avrokuboklara vəsiqə qazansa, Baxşıyev bu mübahisələrin mərkəzindən qurtulacaq, adı perspektiv vəd edən gənc məşqçilərin sırasında çəkiləcək.

Bunu bacarıb-bacarmayacağını buraxaq əlahəzrət zamanın öhdəsinə. Baxşıyevin səmərəsini isə «Qəbələ» tezliklə görəcək.

O da gənclərə göstərdiyi etimaddır. Klubun akademiyasından çıxan cavanları o, artıq Premyer Liqaya tanıtmaqdadır.

Emin Səfərovun dünən «Səbail»ə vurduğu qolun dəyəri heç nə ilə ölçülməz, müqayisə olunmaz. «Qəbələ»ni qiymətli edən Emin və digər gəncləri qazanması, Azərbaycan futboluna qazandırmasıdır.

Digər bir müsbət məqam ondan ibarətdir ki, arxadan yeni nəsil gəlməkdədir və bu gənclər böyük futbola «əlcək atmaq» yarışına həvəslə girişib.

«Qəbələ»nin avrokuboklara vəsiqə əldə etməsi gənc qvardiyanı qazanmağın fonunda ikinci dərəcəlidir.

Əsas bığ yeri hələ tərləməyənlərin indidən vitrinə çıxmasıdır ki, Baxşıyevin onlara forma haqqı verməkdən çəkinməməsi bəzi həmkarlarına örkdür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti