Azərbaycan Premyer Liqasında "Zəfər Turu" çərçivəsində bu gün "Qəbələ" "Səbail"in qonağı olacaq.
Turun dünənki matçlarında "Neftçi"nin məğlubiyyəti və "Zirə"nin xal itkisi bölgə klubu üçün yaxşı imkanlar yaradıb.
Belə ki, bu gün Bayılda qazanılacaq 3 xal hazırda 4-cü pillədə olan Elmar Baxşıyevin yetirmələrini birbaşa ikinci pilləyə yüksəldəcək.
Bundan əlavə "Səbail" üzərində qələbə avrokuboklar yolunda mübarizədə digər rəqiblərdən nisbət uzaqlaşmağa da imkan verəcək.
Əslində baş verən son olaylar da "Qəbələ"nin xeyrinə işləyir. Belə ki, "Səbail"in əsas simalarından sayılan Nikolas Raysel ötən tur aldığı qırmızı səbəbindən bu gün sabiq komandasına qarşı oynaya bilməyəcək.
Fransalı əcnəbidən başqa, baş məşqçi Aftandil Hacıyev də bu gün texniki zonadan komandasına tapşırıqlar vermək imkanından məhrumdur. "Sumqayıt"la görüşdə hakimləri söydüyü üçün gənc mütəxəssisə 5 oyunluq cəza verilib.
"Qəbələ"də isə üzlər gülür. "Sabah"la qarşılaşmada cəza səbəbindən matçı buraxan Məqsəd İsayev və Vukçeviç bu gün Elmar Baxşıyevin sərəncamında olacaqlar.
Xüsusilə də serbiyalı "Qəbələ" üçün önəmli fuqurdu. İndi qalır qalib gəlmək və ələ düşən bu cür fürsəti layiqincə dəyərləndirmək.
İlk dövrədəki görüşdə "Qəbələ" rəqibini darmadağınla (5-0) etmişdi. Bu gün necə olacağına isə qarşıdakı 90 dəqiqəlik mübarizədə aydınlıq gələcək. Bizə isə "oyunçu aparsın" deyib, gözləmək qalır.
Xanoğlan İmanov

