"Qəbələ" indidən girov düşübsə…

2 Noyabr 2021 14:00 Qəbələ 851
"Qəbələ" indidən girov düşübsə…

«Qəbələ» doğma meydanda asanlıqla ağ bayraq qaldıran, təslim olan komanda deyildi.

Özlərini bu cür tanıtmayıblar.

Ən yaxşı vaxtlarında da belə olub, ondan sonra da. Elə indi də elədir. Həm «Neftçi», həm də «Qarabağ» Ağsu aşırımından keçərək, dağların başına qorxa-qorxa istiqamət alıb.

«Qəbələ» ilk dövrədə Masazırdan qələbə ilə dönmüşdü. «Sabah»ın revanş almaq istəyi gözlənilən idi. Hər halda baş məşqçini dəyişmiş, yenicə sükan arxasına keçən Murad Musayevə özlərini göstərməli idilər.

Nicat Mehbalıyev onların işini asanlaşdırdı. «Qəbələ»nin yayda məhz «Sabah»dan icarəyə götürdüyü gənc qapıçı müqavilə ilə məxsus olduğu klubla qarşılaşmada kobud səhvə yol verdi.

Ona kimi vəziyyət ev sahibldərinin ümumi nəzəarətində idi və ardıcıl bir neçə epizodda qolla burun-buruna gəlmişdilər.

Gözləmək olardı ki, nəhayət, növbəti hücumların birində qol pərdəsini aralayacaqlar.

Coy-Lens Mikelsin cərimə meydançası önündən endirdiyi zərbə gedişatı büsbütün dəyişdi. Yerə dəyən top qapıçını yanıltdı və toru silkələdi. Nə Nicat buna hazır idi, nə də oyundaşları.

Start «onbirliy»ini zor-bəla düzəltmiş Elmar Baxşıyev da həmçinin. Oyunun «ip»i artıq 20-ci dəqiqədə əldən çıxdı, gerisi təfərrüatdır.

«Sabah»ın fasiləyədək fərqi artırması, ikinci hissənin ortasında daha bir qol vurması da hesabın açıldığı epizodun «Qəbələ»yə endirdiyi psixoloji zərbənin növbəti «meyvələr»i kimi «səbət»ə düzüldü.

«Qəbələ» medallar uğrunda mübarizədə nəvaxtadək duruş gətirəcək?

Son oyundak səhvlər boş şeydir, təsadüfi haldır. Ona qalsa, Nicat ilk dövrədə komandasının dadına az yetişməyib.

Problem heyətin məhdudluğundadır.

İki nəfər zədələnən və ya cəzalanan kimi Baxşıyevun yuxusu ərşə çəkilir. Mövsüm yeni-yeni qızışır, əsas mərhələ qabaqdadır, «Qəbələ» artıq futbolçu çatışmazlığının girovu olub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti