Rövlan səviyyəli futbolçulardan söz açıb, “üzüağ” niyyətini gizlətmədi

29 Oktyabr 2021 22:20 Qəbələ 835
Rövlan səviyyəli futbolçulardan söz açıb, “üzüağ” niyyətini gizlətmədi

“Komandada ab-hava əladır. Həftəsonu bizi “Sabah”la kifayət qədər ciddi oyun gözləyir.

Bu görüşdən uğurlu nəticə ilə ayrılmaq üçün baş məşqçinin verdiyi tapşırıqları yerinə yetiririk”.

“Qəbələ”nin aparıcı futbolçularından birinə çevrilən Rövlan Muradov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində qarşılaşacaqları “Sabah”la oyun barədə Sportinfo.az-a açıqlama verib.

Rəqib turnir cədvəlinin sonuncu pilləsində qərarlaşsa da, ötən həftə “Sumqayıt” üzərində qazanılan qələbə “tələbələr”i ümidləndirib.

Üstəlik, baş məşqçi postuna namizəd şəxsin Qəbələdəki dueli izləyəcəyi sirr deyil. Bunları göz önünə gətirəndə “Sabah”ın meydan sahiblərinə çətinlik yaradacağı şübhə doğurmur.

Yarımmüdafiəçi güclü rəqiblə qarşılaşacaqlarını gizlətməyib, oyundakı hədəflərindən söz açdı:

“Sabah”ın gücü haqda danışmaq artıq olar. Heyətlərində kifayət qədər səviyyəli futbolçular cəmlənib, təcrübələri var. Dediyiniz amillər də öz yerində.

Buna baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxacağıq. Digər oyunlarda necə, bu dəfə də elə. İnşallah, doğma meydanda doğma azarkeşlərimizi sevindirməyi bacararıq”.

“Sabah”ın “yaralı aslan”ı xatırlatması azmış kimi, meydan sahibləri oyuna ciddi itkilərlə çıxacaq.

Vərəqə cəzalıları olan Ehtiram Şahverdiyev, Məqsəd İsayev və Stefan Vukçeviç matçı kənardan izləmək məcburiyyətindədir. Onların yoxluğu komandaya necə təsir edəcək?:

"Adlarını çəkdiklərinizin hər biri əsas heyətin üzvləridir. Əlbəttə, işimiz bir qədər də çətinləşəcək. Ona görə də komanda şəklində birlik göstərib, meydanı üzüağ tərk etmək niyyətindəyik”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti