“Edə biləcəyimiz bir şey yoxdur - 4000 manatı ödəmək bizim üçün asan məsələ deyil”

27 Oktyabr 2021 19:00 Qəbələ 1 292
“Edə biləcəyimiz bir şey yoxdur - 4000 manatı ödəmək bizim üçün asan məsələ deyil”

AFFA İntizam Komitəsinin oktyabrın 22-nə təsadüf edən sonuncu iclasında “Qəbələ” ilə bağlı sərt qərarlar qəbul edildi.

Qərarda qeyd olunmuşdu: “Premyer Liqanın VII turunun “Zirə” ilə oyununda Qəbələ klubunun azarkeşləri oyunun rəsmi şəxslərini təhqir etdiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);

Matç bitdikdən sonra “Qəbələ”nin 7 nömrəli futbolçusu Ehtiram Şahverdiyev “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur”.

7200 manatlıq cərimə “Qəbələ”nin indiki durumu üçün olduqca ağır görünür. Maraqlıdır, klub cərimə məbləğinin azaldılması üçün nə etmək fikrindədir? Ümumiyyətlə, bu qədər pulu ödəməyə imkanları çatırmı?

Klubun baş meneceri Zaur Əzizovla söhbətdə suallara cavab tapmağa çalışdıq:

“Bu gün dediyiniz məsələ ilə bağlı fikir bildirmək ciddi məna kəsb etmir. Niyə? Çünki qərar Premyer Liqanın Nizamnaməsinə uyğun verilib.

Azarkeşlər “Zirə” ilə oyunda hakim idarəçiliyindən ciddi şəkildə narazıydı. Əliyar Ağayevin qərarlarına qəzəblənən azarkeşlər xoşagəlməz ifadələr işlətmişdi.

Qərarlar da cərimənin tətbiq olunmasının vacibliyini deyir. Edə biləcəyimiz bir şey yoxdur. Ortada bir hakimin zəif idarəçiliyi və azarkeşlərin ona etirazı var.

Bu gün 4 min manat məbləğində cərimə ödəmək bizim üçün heç də asan məsələ deyil. Amma ödəmək borcumuzdur. Belə vəziyyətdə klubun büdcəsi yox, Nizamnamədə yazılanlar nəzərə alınır”.

Klub rəsmisi həmçinin Ehtiram Şahverdiyevə verilən cəzanın azaldılmasına görə apellyasiya şikayəti etməyəcəklərini, etdiyi hərəkətə görə futbolçuya cəza tətbiq olunacağını sözlərinə əlavə etdi.

Premyer Liqanın 7-ci turu çərçivəsində baş tutan “Qəbələ” - “Zirə” matçının sonunda baş hakim Əliyar Ağayev meydan sahiblərinin futbolçusu Ehtiram Şahverdiyevə qırmızı vərəqə göstərmiş, oyun 1:1 hesabı ilə başa çatmışdı.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti