4 potensiallı gənc "Qəbələ"yə götürüldü: "Bu, problem olmamalıdır"

13 Yanvar 21:00 Qəbələ 595
4 potensiallı gənc "Qəbələ"yə götürüldü: "Bu, problem olmamalıdır"

"Burada təlim-məşq toplanışı üçün hər bir şərait var.

Antalyadan yeganə fərqi yoxlama matçlarının keçirilməsi üçün rəqiblərin yoxluğudur. Komanda istirahətdə az müddət keçirdiyindən sınaq matçlarının baş tutmaması problem olmamalıdır".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev mövsümün ikinci hissəsinin hazırlıq prosesi barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis bildirib ki, toplanışın Qəbələdəki birinci mərhələsində futbolçular üzərinə düşən işləri səylə yerinə yetiriblər: "Onların işə yanaşması məşqçilər korpusunu sevindirir.

Toplanışda komandanın həm fiziki, həm də texniki-taktiki durumu, ən əsası, xətlərarası əlaqənin daha da yaxşılaşdırılması üzərində işlədik.

Akademiyanın 4 futbolçusu hazırlıq dövründə bizə qoşulmuşdu. Onların hamısı potensiala malikdir. Bu oyunçulardan bəzilərinin daim bizimlə qalması və əsas komanda ilə davam etməsini planlaşdırırıq”.

"Qəbələ" mövsümün ilk yarısını 13 oyundan 15 xalla 5-ci pillədə başa vurub. Baş məşqçi hazırlıq prosesinin Bakıda gerçəkləşəcək ikinci hissəsi barədə də danışıb:

“Yanvarın 14-də “Sumqayıt”la yoxlama görüşü keçirəcəyik. Bu matçdan sonra bir həftəlik hazırlıq prosesi baş tutacaq. Bu mikrotsikl ilə “Zirə”yə qarşı oyunun hazırlıqlarına başlayacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti