"Əsirlikdə olan ailəmi, anamı xilas edirəmsə, nəsə deməyə ehtiyac görmürəm" - VİDEO

7 Yanvar 2021 23:20 Qəbələ 1 516
"Əsirlikdə olan ailəmi, anamı xilas edirəmsə, nəsə deməyə ehtiyac görmürəm" - VİDEO

İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin Qalibləri-2020" layihəsi çərçivəsində növbəti mükafatlandırma mərasimini keçirib.

Sportinfo.az xəbər verir ki, bu dəfə İlin Döyüşkən İdman Xadimi nominasiyasında qalib olan "Qəbələ"nin prezidenti Fariz Nəcəfov və İlin Döyüşkən Məşqçisi seçilən MMA idmançısı Bəxtiyar Abbasov təltif edilib.

"Qəbələ" İdman Klubunun ofisində keçirilən mərasim 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb.

Tədbiri giriş sözü ilə açan İAM-ın sədri Elşən Məmmədov builki mükafatlandırmanın fərqli keçirildiyini diqqətə çatdırıb: "Bu, bir tərəfdən koronavirus pandemiyası şəraitində idman yarışlarının bəzilərinin təxirə salınması, bəzilərinin isə ümumiyyətlə, baş tutmaması ilə bağlı idi. Lakin əsas səbəb 44 günlük Vətən müharibəsi oldu. Hamı əlindən gələni etdi, nəticədə Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti, hərbçilərimizin, şəhidlərimizin canı və qanı bahasına qələbə qazandıq. Qarabağ şavaşında Azərbaycanın idman ictimaiyyətinin 500-dən çox nümayəndəsi - idmançılar, futbolçular, məşqçilər, idman funksionerləri, klub rəhbərləri və jurnalistlər ön cəbhədə idilər. Onların 50-dən çoxu şəhid, eyni sayda döyüşçümüz qazi olub".

İlk olaraq ilin döyüşkən məşqçisi seçilən "Baku MMA Academy"nin baş məşqçisi Bəxtiyar Abbasov mükafatlandırılıb. Elşən Məmmədov Abbasovun samboçu olduğu vaxt - 2015-ci ildə Dünya Kubokunda mükafatlandırma mərasimində Ermənistan himninin çalınmasına oturaraq etiraz etdiyini xatırladıb. Bəxtiyar Abbasova mükafatı və İl Azeronun formasını Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov təqdim edib.

Umudov bunun böyük təqdimat olduğunu bildirib: "Ali Baş Komandanın rəhbərliyi altında qazandığımız zəfər gücümüzü göstərdi. Torpaqlarımız işğalda olanda o acı bizə təsir edirdi. Ordumuz və Ali Baş Komandan bizə sevinci bəxş etdi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm, biz birlikdə güclüyük".

Daha sonra isə İlin Döyüşkən İdman xadimi Fariz Nəcəfov təltif edilib. Ona mükafatı və İl Azeronun formasını Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.

Qazandığı mükafatla bağlı təəssüratlarını bölüşən Nəcəfov bunları söyləyib: "Müharibə barədə danışmıram. Bilirsiniz, belə ifadə etsək, əsirlikdə olan ailəmi, anamı xilas edirəmsə, nəsə deməyə ehtiyac görmürəm. Ailə üzvünü xilas edəndə danışırlarmı? Torpaqlarımızın işğaldan azad olmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Hamımızın şəhidlərə borcu var. Təsəvvür edin, Beyləqanda, Füzulidə peraşki satan yaşlı qadın belə, bizdən pul almırdı. Deyirdim ki, formama baxma, imkanım var, ay ana. Deyirdi ki, bala, Allah sizi saxlasın, pul almaram. Hər bir vətəndaşa minnətdaram. Biz Ana Vətənimizi, anamızı işğaldan azad etmək üçün döyüşürdük. Allah şəhidlərimizə rəhmət etsin kəsin, qazilərimizə tezliklə şəfa versin".

Daha sonra R.Musayev çıxış edərək bu medalın Fariz Nəcəfov üçün ən dəyərli mükafat olduğunu söyləyib: "Sənin çox medalların olub, amma ən dəyərlisi budur. Çünki ən dəyərli şey Ana Vətəndir. Hər birinizi salamlayıram. Bəxtiyar Abbasov uşaqlıqdan hər zaman haqqın tərəfində olub. O, məktəbdə mənim uşaqlarımla oxuyub. Kimə qarşı haqsızlıq olsa, onun yanında olardı. Söhbət qol gücündən getmir, həmişə haqqın yanında olub. Allah ona ömür versin. Xoş günlərini görək. Çıxış etmək istəmirlər. Çünkü abır-həyaları var. Allah bizim şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Danışmaq lazımdır, çünki tarixdir. Olanları danışmaq - şəhidləri yaşatmaq deməkdir. Bu gün ölkə xaricinə çıxanda ürəklə deyəcəyik ki, biz azərbaycanlıyıq. Mənim babam 700 ermənini tək qırıb, bu, bir tarixdir. Mətbuatda indi bilinir. Gürcüstandakı azərbaycanlılar rahat yaşasın deyə demirdik. Bu günə şükürlər olsun, burada hamımız azərbaycanlıyıq. Mən də Vətən həsrətində olmuşam, Gürcüstanda yaşamışam, görmüşəm. Həsrətini çəkmişik və o günləri yaşamışıq. Biz əvvəl-axır bilirdik ki, bu günlər gələcək. Kollektivimizdəki uşaqlara deyirdim ki, Qarabağ bizimdir. Ali Baş Komandan və Ordumuz bizə bu sevinci yaşatdı".

Hərəsindən bir idman jurnalisti olmaqla, 51 KİV nümayəndəsi arasında aparılan səsvermə nəticəsində 8 nominasiya üzrə qalib müəyyənləşib. Qaliblərdən 2-si şəhid - cüdoçu Cəbrayıl Dövlətzadə və futbolçu İlqar Bürcəliyev, 1-i - jurnalist Daşqın Əziz isə qazidir. Onlar müvafiq olaraq İlin Döyüşkən İdmançısı, İlin Döyüşkən Futbolçusu və İlin Döyüşkən İdman Jurnalisti seçilərək təltif olunublar. Eyni zamanda "Qarabağ" İlin Döyüşkən Komandası, Azərbaycan Cüdo Federasiyası İlin Döyüşkən İdman Qurumu kimi mükafatlandırılıb. Azərbaycanın yeganə qanuni mərc oyunu "eTopaz" şirkəti xüsusi mükafata - İlin Döyüşkən Şirkəti adına sahib olub.

Qeyd edək ki, layihənin baş sponsoru eTopaz, sponsoru milli geyim brendi İl Azero, informasiya dəstəkçisi Report İnformasiya Agentliyidir.

Digər Xəbərlər
Xəbər Lenti