“Nyukaslda oynamaq çox maraqlı idi.
Orada daha yaxşı futbol nümayiş etdirdik.
2:3 hesabı ilə uduzsaq da, Çempionlar Liqasını başımızı dik tutaraq tərk etdik. Əsas məqsədimiz də elə bu idi – daha yaxşı mübarizə aparmaq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Abdullah Zubir deyib.
35 yaşlı yarımmüdafiəçi komandasının UEFA Çempionlar Liqasında (ÇL) mübarizəni dayandırmasından danışıb:
“İlk görüşdə böyük hesabla uduzduğumuzdan bu görüş bizim üçün çətin keçdi. Amma bu dəfə oyuna fərqli hazırlaşmışdıq.
Mən Azərbaycan xalqını xoşbəxt etməyə çalışıram, bu, mənim işimdir. Həmişə ən yaxşısı olmağa və "Qarabağ"ı Azərbaycan futbolunun ən yüksək zirvəsinə daşımağa çalışıram. Şəxsi hədəfim budur”.
"Qarabağ" ÇL-in pley-off mərhələsində İngiltərə təmsilçisi "Nyukasl"a umimilikdə 3:9 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.
Ağdam təmsilçisi martın 1-də "Tofiq Bəhramov"da "Sabah"ı qəbul edəcək.

