"Qarabağ"ın Çempionlar Liqasındakı bu mövsümlük hekayəsi sona çatdı.
Təsnifat mərhələlərini göz qırpımında arxada qoyan "köhlən atlar" tarixində ikinci dəfə ÇL-in əsas mərhələsində iştirak etmək hüququ əldə etdi.
Burada yaşananlar isə unudulmayacaq hekayəyə çevrildi.
"Benfika" səfərində möhtəşəm geridönüşlə başlayan liqa mərhələsi "Nyukasl" səfərindəki layiqli mübarizə ilə tamamlandı.
Qurban Qurbanovun komandası hətta "Atletik" səfərində məğlub olsa da erkən qolla ispanlara həyacan yaşada bildi.
"Liverpul"u bütün ağır artilleriyasını əsas heyətdə meydana buraxacaq qədər ciddi olmağa məhkum etdi.
Son dünya çempionu "Çelsi"ni Bakıdan bir xalla qayıtdığı üçün xoşbəxt gördük. Biz isə son dəqiqələrdə qələbə əldən çıxdı deyə üzüldük.
Əfsanəvi "Enfild Rould"a ağdamlılar ayaq basdı.
Heç vaxt olmadığı qədər Türkiyə mətbuatı "Qarabağ"ın zəfərindən yazdı/danışdı.
O qədər şirin xatirələr yaşadıq ki, "Nyukasl"dan, "Liverpul"dan alınan ağır məğlubiyyətlər də acı təsir bağışlamadı.
"Qarabağ" bizi elə bir zirvəyə daşıdı ki, orada futbolla bağlı hər şey gözəl görünürdü.
Buna görə təşəkkürlər, "Qarabağ" rəhbərliyi.
Çox sağ ol, Qurban Qurbanov və komandası.
Ümid edək ki, bu mövsüm yaşadıqlarımızı hələ uzun illər xəyallarımızda canlandırmayacağıq.
Yaxın tarixdə yeni uğurlara canlı şahid olacağıq.
Mümkünsüz görünsə də...
XANOĞLAN İMANOV

