“İlk növbədə onlara ciddi və məsuliyyətli olmağın vacibliyini söylədim.
İşə belə yanaşanda oyunun özündən zövq ala bilirsən”.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Rusiyanın “Okko” platformasının suallarını cavablandırarkən deyib.
“Qarşımızda çox güclü bir komandanın olduğunu bilirdik və bunu Bakıda da görmüşdük. Onların gücünü və məsuliyyətini hiss etmişdik.
Hesab edirəm ki, Bakıdakı qarşılaşma bizim üçün böyük təcrübə oldu və məhz bu təcrübə sahədə daha yığcam oynamağımıza, hər epizodda diqqətli olmağımıza kömək etdi.
Uşaqlar sağ olsunlar! Qarşılarında fiziki cəhətdən güclü komanda olmasına baxmayaraq, sona qədər dözdülər və təslim olmadılar.
Oyundan əvvəl onlara demişdim ki, hesab böyük olsa belə, sona qədər döyüşməliyik.
Çünki komandaların səviyyəsini müqayisə etsək, belə mübarizə aparmasaydıq, burada normal oyun nümayiş etdirə bilməzdik.
Bakıda 1:6 hesabı ilə uduzduğumuz üçün bu oyunun bizim üçün sonuncu olduğu aydın idi. Artıq hər şey həll olunmuşdu.
Mən futbolçulara dedim ki, təkcə oyundan deyil, həm də mübarizədən zövq almaq lazımdır. Onlar bunu bacardılar və mən onlarla fəxr edirəm”.
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi “Nyukasl”a ümumilikdə 3:9 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

