“Qarabağ” Çempionlar Liqasının qapısını gözlədiyimiz və düşündüyümüz kimi bərk çırpmağı bacardı.
Ötən həftə Bakıdakı qarşılaşmada “Nyukasl”a 1:6 hesabı ilə uduzan “köhlən atlar” “St Ceyms Park”dakı qarşılaşmaya da uğursuz başlamışdı.
İlk 6 dəqiqədə buraxılan 2 qol növbəti darmadağının qoxusunu hiss etdirsə də, döyüşkənliyin və mübarizliyin nə olduğunu stadiondakı 50 min azarkeşə göstərən Azərbaycanın qüruru meydanı minimal hesablı yenilgi ilə tərk etdi – 2:3.
Bəli, “Nyukask” layiqli şəkildə Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlməyi bacardı.
Lakin ingilis azarkeşlər sevimli komandalarından razı qalmayıb. “Qarabağ”ın cavab matçında göstərdiyi performans fanatlarda ciddi narahatlıq yaradıb.
Klubun sosial media səhifələrində “Nyukasl” azarkeşlərinin yazdığı şərhlərin bir qismini təqdim edirik:
“İnkişafınız göz önündədir. Lakin səfərdə 6:1 udduğunuz komandadan 2 qol “yemək”, matçı heç-heçə qorxusu ilə başa vurmaq sizə baha başa gələ bilər. Növbəti rəqib “Çelsi” ilə “Barselona”dan biridir. Xəbəriniz var yəqin. Hazır olun!”
“150-ci avrokubok matçında daha yaxşısını etmək olardı. “Boşalmaq” yox, daha ciddi yanaşmaq lazım idi”.
“Ümumi hesabdakı 9:3 əla nəticədir. Lakin “Qarabağ”la oyunun ikinci yarısında sərgilənən futbol “Nyukasl”a yaraşmadı. Təbriklər və uğurlar!”
“Növbəti qələbəmizi qazandıq. Əla! Təəssüf ki, oyun barədə eyni sözü deyə bilməyəcəyəm. Bəzi futbolçular yatmışdılar sanki”.
“Bəzilərini başa düşmürəm. 9:3-ün nəyinə etiraz edirsiniz? Bir şeyi anlayın, ilk oyunda 6:1 udan komanda cavab qarşılaşmasına tam şəkildə köklənə bilmir. Bu, psixologiyada yazılıb”.
“Qarabağ”, səni təbrik edirəm. Çox yaxşı oynadın və mübarizə apardın. Yaxşı ki, səfər matçında böyük hesablı qələbə var idi. Yoxsa “Ceyms Park”da daha çətin olardı. İndi isə “Everton”la oyuna hazırlaşmağın vaxtıdır”.
“Bu, “Nyukasl”ın cari mövsümdə bəlkə də ən bərbad performansı idi. Diqqəti artırın! “Barselona”, ya da “Çelsi” bizi bağışlamayacaq”.
“Udduğumuz oyuna görə niyə bu qədər narahatsınız? Güclü rəqiblərə qarşı başqa cür olacaq. İndi qələbənin dadını çıxarmağın vaxtıdır”.
Fevralın 27-də baş tutacaq püşkatma mərasimində 1/8 final mərhələsindəki cütlər bilinəcək.
İlk oyunlar martın 10-11-də, cavab görüşləri martın 17-18-də keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ

