1:6-dan sonra tabloya köçən 2:3 məğlubiyyət hesab olunmamalıdır.
Kamillo Duranla Elvin Cəfərquliyevin qolları yeni mərhələ, yeni səhifədir «Qarabağ»ın həyatında.
Bir ingilis komandasını səfərdə iki dəfə meydanın mərkəzinə dəvət etmək «Qarabağ»ın böyıməsindən xəbər verir.
Gəlin, heç bir İngiltərə klubunu, hətta ortabab «Nyukasl»ı Avropanın hansısa nəhəngi ilə müqayisə etməyək.
Qurban Qurbanov düz buyurur, İngiltərə klubları başqa dünyadır, «köhnə dünya»nın digər təmsilçiləri ilə müqayisəyə gəlmirlər.
«Böyük beşliy»in beşiyi olan ölkənin istənilən komandası bizimkilərdən 40-50 il öndədir. Çempionlar Liqasına bu cür vida super hadisədir!
«Qarabağ» pley-off mərhələsinə yüksəlməklə, dünən Nyukasl şəhərində sərgilədiyi inadkar oyunla ən yaxşı sözlərə layiqdir.
Ay bir hücumçu alsaydılar, belə olardı, ay bir müdafiəçi tranfser etsəydilər, elə olardı - bunlar nağıldır, bizi həqiqətdən uzaqlaşdırır. Heç nə olmayacaqdı, dəyişməyəcəkdi.
Azərbaycan kimi futbolu yerində sayan ölkənin komandası dünyanın ən prestijli turnirində ilk 24 iştirakçı arasında varlıq göstərirsə, biz buna 100 yox, azı 1000 dəfə şükür etməliyik, səcdəyə getməliyik.
«Qarabağ» rəhbərliyinin, baş məşqçisinin, futbolçusunun əlini tək-tək sıxmalı, təşəkkürümüzü bildirməliyik.
Boyundan çox yuxarı tullandı «Qarabağ». Yeni zövq yaratdı.
Gözümüzə işıq verdi. Ruhumuzu oxşadı.
İçimizi fərəhləndirdi, qürur hissi ilə doldurdu.
Başımız indi dikdir. Avropaya bərk səs saldıq. Bunu edə bilən başqa klmandamız yoxdur hələlik.
Təbii, biz indən belə də hər şeyi yalnız «Qarabağ»dan gözləməməliyik. Avropa səhnəsinə can atan digər klublarımız onların yükünü azaltmalıdır, nəhayət ki!
ELXAN

