Cari mövsümdə “Qarabağ”ın ifasında ilk oyundur ki, həyəcansız, təşvişsiz, narahatlıq keçirmədən izləyəcəyik.
Bir həftə əvvəl Bakıda baş tutan oyunda “Nyukasl” İngiltərə ilə Azərbaycan futbolu arasındakı fərqin məsafəsini bütün mümkün ehtimalları alt-üst edərək vitrinə qoydu.
Rəqibin vurduğu 6 qoldan sonra “Qarabağ”ın Çempionlar Liqası ilə vidalaşması 99 faiz təsdiqini tapdı.
Bundan sonra hansısa möcüzə təmsilçimizi növbəti mərhələyə daşıya bilər ki, elə bir möcüzənin baş verməsi üçün yer kürəsi öz oxundan çıxmalıdır. Yəni o dərəcədə mümkünsüz görünür.
“Qarabağ” tarixində ilk dəfə Çempionlar Liqasında bir mövsümdə 16 oyun keçirməklə dünyadakı azərbaycanlıların üzünə gülüş qondurmağı bacardı. Avropanın ən güclülərinin cəmləndiyi turnirdə 8 ay ərzində 16 oyun. Bunu ən yaxşı halda yuxuda görə bilərdik.
Təsnifat mərhələsində “Şelburn”, “Şkendiya”, “Ferentsvaroş” kimi rəqiblərini bir-bir sıradan çıxaran, Liqa mərhələsində “Benfika”, “Kopenhagen”, “Ayntraxt” kimi komandaları məğlub edən, dünya nəhənglərindən sayılan “Çelsi” ilə bərabərə qalan “köhlən atlar” həm Qarabağın, həm də Azərbaycanın adını ən yaxşı şəkildə təmsil etməklə azərbaycanlılara əsl futbol bayramı yaşatdı.
İnsan psixologiyası elədir ki, daim ən yaxşısını istəyir. Daha artığına ümid edir. “Bunu da bacarmalısan” deyir.
15 il əvvəl ən yaxşı halda Avropa Liqasının pley-off mərhələsində gördüyümüz, 8-9 il öncə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına görə öyündüyümüz “Qarabağ” cari mövsümdə Avropanın ən yaxşı 24 komandasının arasında yer almağı bacarmaqla öz adını dillər əzbəri etdi.
Sözsüz, komandamızı 1/8 finalda lap elə yarımfinalda görmək xoş olar. O da olacaq. İnanın, olacaq. Mütləq olacaq.
Ancaq indi “Qarabağ”la qürur duymaq, 8 ay boyunca bizə yaşatdığı sevinc hisslərinin eyforiyasında dincəlmək vaxtıdır.
Nyukaslda hansı nəticənin qeyd alınacağına baxmayaraq, başda Qurban Qurbanov olmaqla əziyyəti keçən hər kəsə - futbolçulara, texniki və inzibati işçilərə, rəhbərliyə indidən təşəkkür etməyin vaxtıdır.
Bu gecə “Qarabağ” adlı səndli filmin sonuncu bölümündən zövq almağa çalışmalıyıq. Gərginlik, narahatlıq və həyəcan olmadan.
HƏBİB / SPORTİNFO.AZ

