Yeqor Boqomolskini «Zirə»dən 4 aylıq icarəyə götürən «Ural» Azərbaycandan daha bir transfer edə bilər.
Ötən mövsüm «Sabah»ın başında dayandığı Vasili Berezutskinin hazırda çalışdırdığı «arıçılar» Ramil Şeydayevin xidmətində maraqlıdır.
Rusiyanın Birinci Liqasında mübarizə aparan klub 29 yaşlı hücumçunu bu ölkəyə qaytarmaq üçün qollarını çırmalayıb.
Artıq tərəflər arasında danışıqlar başlayıb. «Ural» millimizin forvardını öncə icarə əsasında sıralarına qatmaq, yayda isə onunla birdəfəlik müqavilə bağlamaq niyyətindədir.
«Zenit»n yetirməsi ötən ilin sentyabrından bəri «Qarabağ»dadır. «Neftçi»dən bura qayıtmış forvard köhnə-yeni komandasında əvəzedici statusu daşıyır.
Öncələr də iki dəfə «Qarabağ»a gedib-gəlmiş Ramil burada nadir hallarda meydana ayaq basır. «Köhlən atlar»ın avrokuboklar üçün sifariş etmədiyi ön xətt oyunçusu, adətən, Premyer Liqa matçlarında forma şansı əldə edir.
Qurban Qurbanovun xüsusi simpatiya bəslədiyi, lakin gözləntiləri doğrultmayan Ramilin müqaviləsi iyunda başa çatacaq.
Düzdür, sözləşmədə «+1» bəndi var, lakin «Qarabağ»ın onun gedişinə maneə yaratmayacağını gözləməyə dəyər.
«Ural» Rusiya premyerliqasına vəsiqə qazanmağa iddialıdır. 21 tura 41 xal toplayan «arıçılar» turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Lider «Fakel»dən 7 xal geri qalan komanda üçüncü yerdəki «Rodina»nı 5 xal qabaqlayır.
SPORTİNFO.AZ


