“Neftçi”nin sabiq futbolçusu, artıq bir ildən artıqdır ABŞ-a köçən Nicat Qurbanov Sportinfo.az-a açıqlama verib.
Okeanın o tayında yaşayan həmyerlimiz "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a məğlubiyyətini şərh edib:
"Əvvəla, bizə ÇL ab-havasını yaşatdığı üçün "Qarabağ"a təşəkkür düşür
İngilis klublarına qarşı "Qarabağ"ın statistikası, əlbəttə ki, ürəkaçan deyil. Bunun bir neçə səbəbi var, amma bu barədə çox detallara girməyəcəyəm.
Konkret olaraq "Nyukas"la oyun haqqında danışsaq, fərdi səhvlərin çoxluğu bu nəticəyə gətirib çıxardı.
Müdafiədə inamsız oyun və hücumda topa nəzarət edə bilməmək, çoxlu top itkiləri məhz bu nəticəni doğurdu. Söhbət əsasən birinci hissədən gedir.
İkinci hissədə sistem dəyişdi və komanda hardasa öz oyununa daha yaxın futbol göstərməyə çalışdı. Əlbəttə, üzücü məğlubiyyət idi. Başqa cür də ola bilərdi deməyin artıq mənası yoxdur. ÇL tam başqa səviyyədir və burada edilən səhvləri rəqiblər bağışlamır. Hər oyunçu analiz olunur və hər bir futbolçunun zəif və güclü tərəfləri rəqib komandaya əvvəlcədən çatdırılır. Bir çox fərdi səhvlər də məhz rəqibin düzgün analizinin nəticəsi olur".
Qurbanov üç cəbhədə mübarizəni davam etdirən "atlılar"ın oyununda eniş yaşandığını sözlərinə əlavə edib:
"Ölkə çempionatındakı çıxışları da nəzərə alsaq, "Qarabağ"da sanki bir eniş hiss olunur. Heyətin geniş olmasına baxmayaraq, bütün oyunçuların formada olmadığını görürük. Əvvəlki illərdə "Qarabağ" Premyer Liqada rahatlıqla ikinci heyətlə oynaya bilirdi, amma bu il tam fərqli mənzərə müşahidə olunur".
XANOĞLAN

