1:6.
Təəssüflənək, sadəcə.
Guya əlimizdən və ayağımızdan başqa nə gəlir ki?
«Nyukasl» İngiltərənin nəhəng klublarından sayılmır. Premyer Liqanın ortabablarından biridir. Hər halda «Liverpul» və «Çelsi» onlarla müqayisədə bir üst leveldir.
Ancaq Bakıda 6 qol vurub getdilər. Necə? Necə yəni, necə? Elə-belə.
«Nyukasl» çempionumuzu sadəcə yaxşı analiz etməmişdi. Bu, işin bir tərəfidir.
Onlar «Qarabağ»ı psixoloji cəhətdən nətəhər erkən çökdürməyin mümkün olduğunu özləri üçün dəqiqləşdirmişdilər.
Kevin Medinaın başçılıq etdiyi müdafiə xəttini irəli çıxmağa qoymadılar, «beşik»də pressinq tətbiq etdilər, ikinci toplara daha tez yiyələndilər.
Bu, acı məğlubiyyətdir. Amma qeydə alınan hesab bizi təəccübləndirməməlidir. Yalnız heyfsələnə bilərik, çox uzağa getməməliyik.
Çünki Qurban Qurbanov bir neçə gün öncə bu yenilginin olacağını anons etmişdi.
Premyer Liqanın 20-ci turunda «İmişli»yə Qubada 1:0 qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında ictimaiyyətə xəbərdarlıq tipli mesaj ötürmüşdü.
«Belə meydançada "Nyukasl'la oyuna necə hazırlaşım?» sualı ilə yalnız Nostradamusun müasiri olmasını təsdiqləməmişdi.
Eyni zamanda, publikanı hazırlamışdı ki, Şamaxının süni, Qubanın palçıqlı meydançasında çoxlu güc itirmiş komandayıq, taqətdən düşmüşük, bizə elə bir ümid bəsləməyin.
Düzdür, o, «Nyukasl»la oyundan 1 gün qabaqkı açıqlamalarında pozitiv proqnozlar səsləndirdi, ancaq başa düşməliyk ki, niyə belə danışdı.
Qurbanov təcrübəli mütəxəssisdir, gərginliyin pik həddə çatdığı, gözləntilərin artdığı bugünlərdə futbolçularını psixoloji cəhətdən diri tutmaq istədi.
Orada söylədiklərinin tək qayəsi bundan ibarət idi.
MUSA

