Qurban Qurbanovun göz yaşları – Buna dəyərdimi?

19:40 Qarabağ 386
Qurban Qurbanovun göz yaşları – Buna dəyərdimi?

Ramil Şeydayev “Qəbələ” – “Qarabağ” qarşılaşmasında topu 5 metrdən qapının üstündən vurmaqla oyunu izləyənləri özünə güldürdü.

Növbəti dəfə sübut etdi ki, futbol onun üçün bitib. Daha illər öncəki Ramili görməyəcəyik.

Şeydayev futbolla vidalaşdığını 2023-cü ildə verdiyi qərarla üstüörtülü şəkildə bəyan etmişdi.

2022/23 “futbol ili”ndə “Qarabağ”la Azərbaycan çempionu olan, 35 oyunda vurduğu 22 qolla çempionatın bombardiri adını qazanan 29 yaşlı hücumçu karyerasının ən parlaq dövründə “Qarabağ”a, həm də Qurban Qurbanova arxa çevirib uzaq İndoneziyaya üz tutmuşdu.

27 yaşında daha yaxşı şeylər etməyi düşünmək əvəzinə böyük pullar qazanmağı üstün tutan Şeydayevin “Qarabağ”dan ayrılması bir foto ilə gündəm olmuşdu.

Qurban Qurbanov mövsümboyu şans verdiyi, qollarına sevindiyi hücumçunu qucaqlayıb göz yaşlarına sahiblənə bilməmişdi. Qurbanovun təsirlənməsi kənardan sıradan hadisə kimi görünə bilərdi.

Əslində, o göz yaşlarının arxasında böyük məna dayanırdı.

Qurbanov insani keyfiyyətlərinə və futbolçu bacarığına aşiq olduğu Ramilə “getmə, qal” deyə bilmədiyi üçün futbolçunun verdiyi qərara görə özünü saxlaya bilməmişdi. Əmin idi ki, “Qarabağ”dan “Buriram Yunayted”ə açılan yol ucaboy forvardı İndoneziyaya yox, uçuruma aparır.

1 il ərzində 3 klub dəyişən, “Buriram”dan “Kocaelispor”a, oradan da “Neftçi”yə üz tutan səbəbkar arzusunda olduğu pulları qazanmaq üçün əlinə düşən fürsəti əldən vermədi. Adları çəkilən komandaların hər birindən qalmaqalla və heç bir fayda vermədən ayrıldı. Xüsusən “Neftçi”nin formasını geyinəndə özünə qarşı nifrət qazandı.

Futbolçunun pulu düşənməsi normaldır. Karyerası qısa olur və bacardıqca zənginləşməyi düşünür. Ancaq aldığı maaşın qarşılığında əziyyət çəkmirsə, gec-tez gözdən və dəbdən düşəcək, 5 metrdən topu kənara vurub özünü gülünc vəziyyətə salacaq.

Sağlığına qismət, Ramil 10 illik peşəkar karyerasında azərbaycanlı futbolçuların bir çoxunun yuxusunda görə biləcəyi milyonları qazansa da, vaxtilə hər kəsin dilində gəzən o cür ad-soyadı qoruyub-saxlaya bilmədi.

27 yaşında futbolun başını buraxıb, pul dalınca qaçdığına görə.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti