1-ci turdan təxirə salınmış oyunda “Sabah”a uduzaraq liderliyi əldən verən “Qarabağ”ı (1:2) qış fasiləsindən əvvəl çətin səfər gözləyir.
Çempion kolllektiv 16-cı turda Qəbələdə yerli komanda ilə üz-üzə gələcək.
Komandaların çempionatdakı hədəfləri arasında kəskin fərq olsa da, meydan sahibləri “köhlən atlar”dan xal almaq niyyətindədir.
Hər halda “Qəbələ”nin konqolu hücumçusu Domi Massumonun Sportinfo.az-a açıqlamasından bunu hiss etmək çətin deyil:
“Qarabağ” kimi rəqibə qarşı oynamaq həqiqətən xoşdur. Həqiqətən böyük komandadır, ciddi rəqibdir.
Lakin futbol elə oyundur ki, burada hər cür nəticə qeydə alınır. Bəzən gözləmədiyin hesabla qarşılaşırsan.
“Qarabağ”a uduzmamaq üçün ilk növbədə xarakter göstərməliyik. Bu, çox vacibdir.
Digər tərəfdən, bəxt də tərəfimizdə olmalıdır. Və şübhəsiz, baş məşqçinin taktiki tapşırıqlarını düzgün yerinə yetirməliyik.
“Qarabağ”ı udmaq xoş olar. Ancaq 1 xal da qələbəyə bərabər sayılacaq. Bunun üçün əlimizdən gələnin maksimumunu edəcəyik”.
Dekabrın 21-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 15:00-da başlayacaq.
HƏBİB

