"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Premyer Liqanın 1-ci turundan təxirə salınmış matçında "Sabah"a məğlubiyyətdən (1:2) sonra Sportinfo.az-a müsahibə verib.
- "Sabah"la görüşdə uduzdunuz. Matçı necə dəyərləndirərdin?
- Həm maraqlı, həm də gərgin oyun keçdi. İki tərəf də, qələbəyə yaxın olduğu anlar var idi. Rəqibimizi təbrik edirəm. Görünür ki, yaxşı hazırlaşmışdılar bu oyuna. Düşünürəm ki, bu qış fasiləsi bizə yaxşı təsir edəcək. Çünki komanda olaraq bəlkə də, ağır sezona görə yorğunçuluq var idi. Məğlub olduq, bundan nəticə çıxarmalıyıq və gələn matçlarda daha yaxşı olmalıyıq.
- Bir anda nə dəyişdi ki, komanda heç-heçəni də qoruyub-saxlaya bilmədi?
- Komanda olaraq, ilk hədəfimiz qalib gəlməkdir. Bu görüşdə də qalibiyyəti düşünürdük. Buna görə də, hücumlara atılırdıq. Bəlkə də daha çox müdafiəyəmeyilli olsaydıq, hesabı qoruya bilərdik. Amma bizim oyun fəlsəfəmiz elədir ki, daim hücum edək. 1:1-dən sonra qələbə haqda düşünürdük. Bizi əks-hücumda tutdular və qol vurdular. Dərs çıxarmaq lazımdır. “Ayaks”la oyunda da bu yaşandı, bu matçda da bu yaşandı. Bundan sonra buna daha çox diqqət yetirmək lazımdır.
- Liderliyi də əldən verdiniz...
- Bu, bizim üçün əlavə motivasiyasıdır. Budan əvvəlki illərdə də, deyilirdi ki, rəqabət bizim də xeyrimizədir. “Sabah” liderliyi ələ keçirdi, bu da bizə əlavə motivasiyadır ki, daha ciddi hazırlaşıb, gələn oyunlarda qələbə qazanmalıyıq.
- Oyunun gedişində Mateuş Koxalski ilə bir neçə dəfə dialoqun yaşandı. Maraqlıdır, bu, nə ilə bağlı idi?
- Baş məşqçinin göstərişləri idi. Mən də eyni zamanda Koxalskiyə çatdırdım, daha çox oyunu necə başlamağımızla bağlı tapşırıq idi.
- Joni Montielin əvəzlənməsi sizin üçün oyunun qırılma nöqtəsi oldu?
Montielin əvəzinə meydana daxil olan Marko Yankoviçdir və onu da hamımız tanıyırıq. Düşünmürəm ki, Montielin əvəzlənməsi oyuna çox ciddi təsir edir. Çünki yenə də hücumlarımızı edirdik. Bilirsiz, bir məsələ var ki, ona diqqət ayırmalıyıq: hesabda öndə olandan sonra daha diqqətli olmalıyıq ki, qol buraxmayaq. Çünki qol buraxdıqdan sonra istər-istəməz hücuma atılırıq və növbəti qolu da buraxırıq. Bu mövzuda daha çox çalışmalıyıq.
- Avrokuboklardakı oyunlar çox gücünüzü alır. Dincəlməyə ehtiyacınız var?
- Əlbəttə ki, komandanın buna ehtiyacı var. Çünki çox ağır mövsüm keçirdik. Düşünürəm ki, fasilə bizə müsbət təsir olacaq. Oyunçuların istirahətə ehtiyacı var. Amma qarşıda bizim hələ “Qəbələ” ilə oyunumuz var. Onlara qarşı oyunu da xatırlayıram, bizim üçün heç də asan keçməmişdi. Öncə “Qəbələ” ilə görüşdə hədəfimiz qalib gəlməkdir, daha sonra istirahət haqda düşünəcəyik.
XANOĞLAN İMANOV

