Həftələrdir səbrsizliklə gözlənilən qarşılaşma baş tutdu.
Cari mövsümdə möhtəşəm qrafik cızan “Sabah” öz meydanında “Qarabağ”ı sınağa çəkdi və son dərəcə maraqlı alınan oyundan 2:1 hesablı qələbə ilə ayrılaraq fasiləyə qış çempionu kimi yollanmaq şansını artırdı.
İlk hissədə “köhlən atlar” hesabı açıb, bir neçə təhlükəli vəziyyət yaradandan sonra görüşü izləyənlər çempionun asan qələbəni bayram edəcəyini düşünürdü.
Ancaq fasilədən sonra meydanda tam fərqli “Sabah” gördük - müdafiədə inamlı, hücumlarda təhlükəli, dinamik və yaradıcı.
Rəqibin ilk hissədəki çıxışına diqqət yetirən Valdas Dambrauskas fasilədə yetirmələrinə meydanın mərkəzində pressinqi artırmağı tapşırmışdı.
Belədə “Qarabağ”ın futbolçuları topla rahat rəftar edə bilmir, hücum qurmaqla ciddi çətinliklə üzləşirdi. İnanılmaz dərəcədə təzyiqlə üzləşən qonaq futbolçular məcburiyyətdən fərdi oyuna meyillənirdi ki, bu da lazımi effekt vermirdi.
Digər tapşırıq ağdamlıların müdafiə xəttinin arxasına edilən gözlənilməz cinah və ara ötürmələrindən ibarət idi.
Vurulan hər iki qolda açar ötürmələr həlledici rol oynadı.Birincidə Coy-Lens Mikels, ikincidə Aaron Maluda qapıçı ilə təkbətək şansını əldən vermədi. İnsaf naminə, ötürmələrin ideal olduğunu deməliyik.
Ağır mövsüm keçirən “Qarabağ”ın futbolçularının yorğunluğu isə “Sabah”ın işini əməlli-başlı asanlaşdırmışdı. “Köhlən atlar”lə müqayisədə meydan sahibləri yorulmaq bilmir, sanki çempionatın ilk oyununa çıxıbmış kimi gümrah görünürdülər.
Yorğunluq və fiziki cəhətdən çatdırmamaq qonaqların qapısı qarşısında təhlükəli vəziyyətlərin sıralanmasına şərait yaradırdı.
Cinahlarda yer alan Elvin Cəfərquliyevlə Mateus Silvaın, hətta Kevin Medinanın fasilədən sonra meydandakı varlığı ilə yoxluğu bilinmir.
Bu, onların cari mövsümdə birmənalı ən zəif oyunu idi. Hətta Çempionlar Liqasındakı qarşılaşmalarda belə, bu dərəcədə aciz görünməmişdilər.
“Sabah”ın inamlı qələbə ilə liderliyi “Qarabağ”dan alması ölkə futbolsevərlərinə açıq mesaj idi – qış fasiləsindən sonra möhtəşəm mübarizə izləyəcəyik.
HƏBİB / SPORTİNFO.AZ

