Bu gün Azərbaycanın Premyer Liqasında 1-ci turdan təxirə salınmış matçında "Sabah" "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallaırını cavablandırıb:
"Sabah"ı qələbə münasibətilə təbrik edirəm. Bu nəticəni gözləyirdim. Komandam həddindən artıq güc sərf edib. Problemlərimiz oldu. Bu oyun bizə böyük fayda verəcək. Çox ciddi hazırlaşan komandaya qarşı oynadıq. Onların gücünü, istəyini gördük. Əsl futbol atmosferi var idi. Bundan sonra Qəbələdə oyunumuz var. Həmin matça hazırlaşacağıq".
- Montielin durumu necədir? Sanki onun meydanı tərk etməsindən sonra meydanda fərqli oyun gördük. Həlledici məqam kimi bu məcburi əvəzetməni deyə bilərik?
- Montiel fiziki cəhətdən tam hazır deyil. Onun üçün sıx qrafikdə oynamaq elə də asan deyil. Oyunun qırılma nöqtəsi kimi bunu deyə bilmərəm. Lakin meydanda olması bizim üçün üstünlük ola bilərdi.
- Yankoviçin yaxşı oynaya bilməməsi nə ilə bağlı idi?
– Yankoviç dünən yüngül zədə almışdı. Onun meydana çıxması riskli idi. Bu gün biz bu addımı atdıq.
- "Sabah"ın oyununu gördükdən sonra ürəyivizdə bu il çempion dəyişə bilər deyə düşündünüzmü?
- Mən hər il bu fikir olur. 1-ci yerə daim eyni komanda sahib olmur. Bu gün qarşımızda böyük işlər görmüş bir klub var. Gələcəyə böyük yatırım sərf ediblər, planları var. Biz daha ciddi və diqqətli olmalıyıq.
- "Sabah"ı bu matçda gördüyüvüz qədərilə bu heyət və oyunla Avropada nəsə edə biləcəyinə inanırsınızmı?
- "Sabah" əgər çempionluğa oynayırsa, Avropada niyə də nəticə verməsinlər? Belə bir hal baş versə, hamımız sevinərik. Onların Avropa təcrübəsi olan baş məşqçisi də var. Addım-addım yaxşı işlər görürlər.

