“Xəzər Lənkəran”ın tarixin yaddaşına qovuşmasından sonra Premyer Liqanın bəzəyi “Neftçi” – “Qarabağ” qarşılaşmaları hesab olunurdu.
Bəli, məhz keçmiş zamanda, OLUNURDU.
“Neftçi”nin heç cür ayağa qalxa bilməməsinə görə “ağ-qaralar”ın yerini “Sabah” tutub.
Artıq bir neçə ildir “Qarabağ”la “Sabah” arasındakı oyunlar daxili yarışlara rəng qatır. Ötən mövsüm Azərbaycan kubokunun final matçında yaşananlar – meydandakı gərginlik və “tələbələr”in kuboku başı üzərinə qaldırması aradakı prinsipiallığı bir az da artırıb.
“Sabah” hazırda Premyer Liqanın ən formada olan komandalarındandır. Rəqib tanımır, qarşısına çıxanı meydandan başıaşağı ayrılmağa məcbur edir. Bu mövsüm bir dəfə uduzublar, o da qiymət vermədikləri “İmişli”yə.
İndi isə növbədə “Qarabağ”dır.
“Neftçi”yə 2, “Turan Tovuz”a 3 qol vuran Masazır təmsilçisinin “Qarabağ”la dueldə növbəti qələbəni bayram etməsi kifayət qədər realdır. Ağdamlıların sıx qrafikdə oynaması, “Ayaks”a yenilgidən sonra psixoloji gərginlik yaşaması və ən əsası, “Sabah”ın yüksələn qrafik üzrə irəliləməsi “köhlən atlar” üçün ciddi təhlükədir.
Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv hücum potensialından lazımınca istifadə edib son çempionu udmağı bacarsa və növbəti həftə “Sumqayıt”a eyni aqibəti yaşatsa, fasiləyə qış çempionu kimi yollanacaq. Bu faktın özü də “Sabah”dakılar üçün motivasiya mənbəyidir.
“Tələbələr”in qələbəsi həm də “qızıl” uğrunda mübarizəni gərginləşdirəcək, Premyer Liqaya marağı bir az da artıracaq.
Yox, əksi baş versə, yəni “Qarabağ” səviyyə fərqini 3 xallıq qələbə ilə ortaya qoysa, vəziyyət əməlli-başlı dəyişəcək. Və məlum olacaq ki, “Sabah” hər nə qədər inkişaf etsə də, “Qarabağ”a boy verəcək qədər böyüməyib.
Odur ki, bu oyun bəzi suallara aydınlıq gətirəcək. Görüşü izləyən azarkeşlərin ürəkləri ağızlarına gələcək. Bəlkə də cari mövsümdə azarkeş rekordu qeydə alınacaq.
Bu oyun tam başqa olacaq.
Dekabrın 18-də “Bank Respublika Arena”da keçiriləcək görüşün start fiti saat 19:30-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

