«Ayaks»la matçdan sonra böyük tənqidlərlə üzləşən Nəriman Axundzadə sosial şəbəkə istifadəçisi deyil.
Redaksiyamıza bununla bağlı «Qarabağ»dan maraqlı məlumat daxil olub.
Bildirilib ki, 21 yaşlı hücumçu «virtual aləm»dən uzaqdır. O, haqqında deyilən sözləri nə eşidir, nə də dinləyir.
Komanda üzvlərinə onunla əlaqəli tapşırıq verilib - heç kim yazılan şərhləri və çəkilən videoları ona göstərməsin.
Bu, lənkəranlı forvardın psixoloji durumunun korlanmasının qarşısını almaq məqsədi daşıyır. Çünki düşərgədə olan hər kəs bilir ki, Nəriman xaraktercə həssas biridir,
Axundzadə Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda «Ayaks»a qarşı ikinci hissədə meydana çıxıb. Forma geyindiyi dəqiqələr ərzində kifayət qədər top itkisiylə yadda qalıb və komandasını zəiflədib.
Nəticədə «köhlən atlar» qələbə hesabını qoruya bilməyib, ardıcıl 3 qol buraxıb. Bu isə istər stadiona toplaşanları, istərsə də sosial şəbəkə istifadəçilərini və media mənsublarını «ayağa qaldırıb».
Təzyiq dalğası o qədər güclü oldu ki, günlərdir ölkədə az qala hamı Nərimandan danışır.
SPORTİNFÖ.AZ

