Təcili qarşılayın, "Qarabağ"a yeni ulduz gəlib!

21:00 Qarabağ 335
Təcili qarşılayın, "Qarabağ"a yeni ulduz gəlib!

"Qarabağ" uzun illərdir enişdə olan, karyerasının çətin dönəmlərini yaşayan oyunçuları heyətə cəlb edib, qısa müddət sonra vitrinə çıxarmağı ilə tanınır.

Reynaldo, Julio Romao, Kadi Borqes, Kevin Medina, Patrik Andrade, Leandro Andrade kimi adlar bu qəbildəndir.

Siyahını daha çox uzatmaq olar. Amma məqsədim köhnələrdə ilişib qalmaq deyil.

Axı Qurban Qurbanov da yerində saymır, yeni adlar tapır, kəşf edir.

Məsələn, Joni Montiel kimi.

Ağdam klubu ispaniyalının transferini 6 avqust tarixində elan etmişdi.

Əməkdaşlıq müqaviləsi 2+2 ili əhatə edirdi.

Çempionlar Liqasının əsas mərhələsinin startına sayılı günlər qalmış edilən bu transfer futbol ictimaiyyətində də gələcəyə bir xeyli inam yaratmışdı.

Amma qısa müddət sonra bilindi ki, onun zədəsi var.

Bərpası həftələr tələb edir.

Bu səbəbdən ÇL üçün sifariş belə olunmadı.

Ötən mövsüm "Rayo Valyekano"nun heyətində cəmi 27 dəqiqə oynaması, keçidindən bir neçə gün sonra uzun müddətli sıradan çıxması ona olan ümidləri əməlli-başlı sarsıtdı.

Hətta "ÇL-ə gedən komandanın etdiyi transferə baxın da" ritorikası işə düşdü.

Haqq verməmək də olmurdu.

Lakin Qurbanovun tükənməz səbri, uzaqgörən siyasəti öz işini görürdü.

Nəhayət, Montiel nə az, nə çox keçidindən 3 ay sonra yaşıl meydanlara qayıtdı.

Və qısa müddətdə adından söz etdirməyi bacarır.

"İmişli" ilə matça təsadüf edən debütü 1 dəqiqəni əhatə etmişdi.

İlk dəfə start heyətində yer aldığı "Sumqayıt"la görüşdə məhsuldar ötürmə ilə yadda qaldı.

"Araz-Naxçıvan"la sonuncu qarşılaşmada qol hesabını açdı.

Avrokuboklarda "Ayaks"a qarşı təxminən 10 dəqiqə meydanda oldu.

İlk təəssüratlar müsbətdir.

Qıvraq təsir bağışlayır, meydanın hər zonasında gözə dəyir.

Topla davranışı əladır, uzaqdan zərbələri yerində.

Birə-birlərdə rahatlıqla rəqiblərini arxada qoymağı bacarır.

İnkişaf dinamikası belə davam etsə, indidən Qurbanov yeni kəşfi hesab edə bilərik.

Xanoğlan İmanov / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti