Cənablar, avrokuboklarda özünüzü təyyarə Bakı hava limanından havaya qalxar-qalxmaz şortiklərini geyinən bəylərimiz kimi aparmayın...
Az əvvəl başa çatan "Araz-Naxçıvan"la görüşdə "Qarabağ" "Ayaks"la matçda əsas heyətdə yer alan 8 nəfərə istirahət vermişdi.
İlk "11-lik"də yer alan 3 nəfərdən biri qapıçı idi.
Qurban Qurbanov sahə oyunçularının əsas gücünün təxminən 1/5-ni meydana buraxmışdı.
Kapitan isə bu mövsüm avrokubokların heç təsnifat mərhələsində belə meydana çıxmayan 35 yaşlı Bədavi Hüseynov idi.
Hücum ikilisi "futbolçu deyil" damğası vurulan Musa Qurbanlı və Nəriman Axundzadəydi.
"Neftçi"nin canını qurtardığı üçün sevindiyi Ramil Şeydayev də hücum fazasında yer alanlar arasındaydı.
Və bu heyət mövsümün əvvəli az qalan çempionluğa namizədlərdən hesab etdiyimiz komandanı bir nəfəsə uddu.
Sözün bütün mənalarında ha.
Vurulan qollar əyləncə xarakterli matçları xatırladırdı.
Musa və Nərimanın paslaşmasından başqa səviyyənin iyisi gəlirdi.
Problem biləcəridən o tərəfdə deyil, ağzınızın içində, burnunuzun ucundadır.
Sadəcə, realist olmaq, görmək və böyümək lazımdır!
Xanoğlan İmanov / SPORTİNFO.AZ

