Nəriman Axundzadənin "Qarabağ"ın akademiyasında müşqçisi olmuş Elnur Əliyev Sportinfo.az-a açıqlama verib.
Gənc mütəxəssis "Ayaks"a məğlubiyyətdən sonra (2:4) üzərində böyük əməyi olan yetirməsinə yönələn tənqidlərə üzüldüyünü bildirib:
"Gənc bir futbolçuya bu qədər təzyiq olunmasını qəbul edə bilmədim. Həmin insanlara ayıb olsun. Tək-tük yetişən gənclərimiz var. Onu da belə "atəşə" tutublar. Nəriman bu gün Azərbaycanın ən istedadlı futbolçusudur.
"Braqa"ya qol vurandan sonra dillərdən düşmürdü. Təəssüf ki, "Ayaks"la oyundan sonra hamı onu "topa tutub". Məncə, bunun yerinə uşaq futboluna nəzarət etsinlər. Akademiyalardan uşaq çıxarmaq iynə ilə gor qazmaq kimidir. 3 ildə 1 oyunçu tapmışıq. İndi də hamı düşüb onun üstünə. Hərə öz işi ilə məşğul olsa pis olmaz".
O, 12 yaşından yanında olduğu olduğu Nərimanın çox müzakirə olunur xarakteri barədə də danışıb:
"Açığı, Nəriman uşaqlıqdan belədir. Qıraqdan çox qapalı görünür. Amma çox sadədir. Safdır, çox danışmağı sevmir. Mətbuata da buna görə çox danışmır. Çəkdiyi əziyyətlər indi də gözümün qabağındadır. Valideynlərindən uzaqda olduğu üçün çalışırdım həmişə yanında olum. Hər zaman deyirdi ki, istəyim dövlətimi millətimi, bayrağımı layiqincə təmsil etmək istəyirəm".
Əliyev "Ayaks"la oyundan sonra forvardla arasında olan söhbəti də bizimlə bölüşüb:
"Oyundan sonra gecə danışdıq. Dedi ki, çox çalışdıq, amma alınmadı. Allahdan xeyirlisi. Çox dilxor idi. Ona görə də çox sual vermədim. Çox fikirli danışırdı. Hələ onu belə görməmişdim".
Elnur Əliyev sonda Axundzadənin ən qısa zamanda legioner həyatı yaşamağı qarşısına məqsəd qoyduğunu bizə açıqlayıb:
"Artıq qərarını verib. "Qarabağ"ı tərk edəcək. İnanıram ki, tezliklə arzusuna çatacaq. Onda tam başqa Nəriman görəcəyik. Heç kim onu saxlaya bilməyəcək. Uşaqlıqdan dediyini edəndir. İnşallah, gözəl karyera yaşayar. Özü və ölkəmiz üçün böyük uğur olacaq".
XANOĞLAN

