"Ağıllı-ağıllı 17-18 yaşlı "Ayaks"lını, ispanı, fransızı Nərimana misal göstərməyin"

21:15 Qarabağ 209
"Ağıllı-ağıllı 17-18 yaşlı "Ayaks"lını, ispanı, fransızı Nərimana misal göstərməyin"

"Braqa" ilə oyundan sonra Nəriman haqqında böyük araşdırma yazım olmuşdu.

Davamında Nəriman enişli-yoxuşlu qrafik cızdı. Hər zaman da bu gənc azərbaycanlı balasına dəstək olmağa çalışmışam. Təbii ki, istedadına, bacarığına görə. Nə tanışımdır, nə də qohumum.

Milli komanda ilə 1 həftə Fransa və Polşa səfərində oldum. Allahın salamını da görmədim. Amma belə şeylərə görə kiminləsə prinsip aparacaq adam deyiləm. Dəyməz!

Məsələn, həmin müsahibə əsnasında tanış olduğum atası Əhməd Axundov təxminən 1.5 il sonra "Tofiq Bəhramov"da özü yaxınlaşıb hal-əhval tutmuşdu. Telefonda danışmışdıq deyə mən onu heç üz-üzə də yaxşı tanımırdım.

Yəni ata bu qədər istiqanlı, oğul tam əksinə, soyuq xarakterlidir. Məncə, Nərimana qarşı olan münasibətin kökündə həm də bu durur. İnsanlar onu təkəbbürlü, yekəxana kimi görür və qəbul etmək istəmir. Yəni məsələ təkcə zəif oyunu deyil. O da işin bir parçasıdır, amma tam da deyil. Elə olsaydı 5 Nəriman deyəndə, 2 dəfə də Marko Yankoviç və ya Bikalyo günahkar kimi tənqid olunardı. Bu isə kökündən yanlışdır.

Elə şeyə qalsa gərək Nərimandan birinci mən inciyim, atasına şikayət edim. Ki, Allahın salamını niyə vermir?

Amma əksinə, barəsində aparılan linç kompaniyasından narahatam. Başverənlər əhvalımı təlx edir. Özümdən asılı deyil. Adam ən sərt formada tənqid edilə bilər, mən də edirəm, amma bu adam söyülür.

Bəs valideynləri, yaxınları? Heçmi düşünmürsünüz? Sonucu dəfə açıqlama alanda atası ilə 1 saat telefonda danışmışıq. Sadəcə onu deyə bilərəm ki, bir ata üçün çox ağırdır. İndi əksəriyyət üçün ata da, ana da, mənəvi nə varsa hamısı baxış, bəyənmə sayıdır. Kütlə də neqativ üçün fərəqətdə dayanıb axı. Yerli-yersiz birini söy, hesabına axışacaqlar.

Təəssüf ki, getdikcə mənəvi məsələlər insanlar üçün dəyərini itirir.

Vallah 21 yaş heç nədir. Biz də o yaşda olmuşuq. Durub ağıllı-ağıllı 17-18 yaşlı "Ayaks"lını, ispanı, fransızı mənə misal gətirməyin.

Bacarırsınızsa onun hansı şərtlərdə böyüdüyünü, bizim balaların hansı şərtlərdə yaşadığını, öyrəndiyini yazın.

Əks halda sizin metronun, avtobusun, komunalın qiymətini Avropa ilə müqayisə edib, maaşa gələndə ağzına su alanlardan heç bir fərqiniz yoxdur!

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti