
“Qarabağ” öz tarixinin bəlkə də ən parlaq futbolunu “Molde”yə qarşı oynadı.
Sözsüz, baxımlı oyunları olmuşdu, amma bu dərəcədə dinamik, məzmunlu, rəqibin “canını alan” futbolu, açığı, xatırlamıram. “
Qarabağ”ın 90 dəqiqə dayanmadan uğurlu pressinq edən matçı kiminsə yadına gəlir?
Hara fırladırsan-fırlat, həqiqətən beləsi olmamışdı. Bəs, necə oldu?
Həssas günlərdə Qurban Qurbanovun komandaya verdiyi motivasiya öz yerində. Baş məşqçinin ən doğru qərarı meydana buraxdığı “11-lik” idi.
Bir-birini tamamlayan, sanki gözüyumulu başa düşən futbolçular atılmışdı döyüşə.
Səhv etmirəmsə, ağdamlılar avrokubok tarixində ilk dəfə meydana start heyətində iki azərbaycanlı ilə çıxmışdı. Komandanın yarısı braziliyalılarla fransızlar idi.
Bax, bu faktın özündə də böyük hikmət var idi.
“Qarabağ”ın heyətində avrokuboklarda debüt edən Andrey Lunyovla Mateus Silva komandanın ən yaxşılarından idi deyə bilərik.
Biri Şahruddini, digəri Toralı əvəz etmişdi. Millimizin futbolçularını aşağılamağın tərəfdarı deyiləm. Amma Lunyov Şahruddindən daha güvənli göründü. Toralın doğma mövqeyinin “sağ” olmadığı isə hər kəsə məlumdur.
İllərin təcrübəsi Maksim də kapitan sarğısını boşuna daşımadığını Berişaya başını qaldırmağa imkan verməməklə sübut etdi.
Bu matçda kosovalını dayandırmaq üçün məhz Medvedevə ehtiyac vardı. Təcrübəsi yetərsiz Bəhlul bacaracaqdımı? Başqa söhbətin mövzusudur.
Hücumda yer alan Juninyo qol vurmaq sarıdan hələ ki, Redon Cica qədər effektli olmasa da, böyük iş gördü. Rəqib müdafiəçiləri təzyiq altında saxlayır, onları yorur, bununla da komanda yoldaşları üçün boş zona açırdı.
Təkcə qol vurulan epizodda braziliyalının müdafiəçiləri özünə necə çəkdiyinə diqqət yetirib,
Leandro Andrade üçün yaratdığı şəraitə baxın. Juninyo fiziki cəhətdən hazırlıqlıdır və mübarizə aparmağı sevir. Hansısa epizodlarda Dino Ndlovuya bənzəyir.
Yassin Benzia “Lill”dəkı günlərini xatırlatmağa başlayıb. Hələ tam o deyil, amma ona doğru yaxınlaşır. Cari mövsümün əvvəlində qaçmaqla arası yox idi, futbolu dayandığı yerdə oynayırdı.
Hərəkətsizliyi orta sahənin əməyini kiçildirdi və ümumi ansambla əməlli təsir edirdi. İndi o da Yankoviçlə Romaoya qoşulub qaçır, döyüşür. Və ən əsası dirijor rolunu məharətlə yerinə yetirir.
“Qarabağ” qeyd etdiyim yeniliklərdən sonra həqiqətən çox dəyişib. Əbəs yerə “qapıçı komandanın yarısı deməyiblər”.
Qapıda Lunyov kimi təcrübəli ismə, cinahda mühərrik kimi çalışan Mateusa, hücumda dağıdıcı və yaradıcı Juninyoya ehtiyac var idi.
Qurbanovun sərəncamında əla heyət var. Ab-hava da, maşallah, qaydasındadır. “Molde” zəfərinə görə əhsən! Bu oyunla İsveçdə “Haken”i da yerlə-yeksan edib rahat nəfəs almaq olar.
HƏBİB / SPORTİNFO.AZ