Etmə-eləmə, Ramil!

7 Fevral 2023 17:00 Qarabağ 3 168
Etmə-eləmə, Ramil!

Ramil Şeydayevin Azərbaycan millisində çıxış etməyə başladığı günə kimi olan karyerası daha parlaq alınmışdı.

Rusiya gənclər millisində adından söz etdirən forvard seçimin əsas millimizdən yana edəndən sonra ciddi eniş yaşamağa başladı.

Rusiya karyerası ərzində yalnız “Zenti” və “Rubin” arasında var-gəl edən futbolçu sonrakı 3 ilində klubları əlcək kimi dəyişməyə başladı.

“Trabzonspor”, “Jilina”, “Qarabağ”, “Samara”, “Dinamo” (Moskova) marşurtu “Sabah”a qədər uzandı. Amma heç birində özünü göstərməyi bacarmadı. Nisbətən “Dinamo” karyerası xaric. O da qısa müddət, keçici olaraq özünü göstərə bildi.

“Sabah”da isə ümumiyyətlə fiasko yaşadı. Əvəzedici komandaya kimi eniş etdi. Lakin onun futbolçu keyfiyyətlərinə yaxşı bələd olan Qurban Qurbanov ikinci dəfə komandasına dönüşü üçün şərait yaratdı.

İlk mövsümündə o qədər də parlaq çıxış etməyi bacarmadı. Şans qazandığı 25 oyunda 7 qol və 4 asistlə yadda qaldı.

Bu matçların 14-də forvard kimi çıxış edən Ramili Qurbanov bu mövsümün startından daha çox cinahlarda oynatmağa başladı.

Əbəs deyil ki, o, arxada qalan müddətdə meydana çıxdığı 21 görüşdən 15-də vinger kimi çıxış edib. Düzdü, əvvəllər də vinger kimi çıxış edib. Amma davamlı yox. Müəyyən matçlarda. Və təcrübəli mütəxəssisin onunla bağlı yeni mövqe qərarı özünü tam doğrultdu.

Bu gün ön xətt oyunçusu 15 qolla Premyer Liqanın bombardiridir. 5 qola isə asist etməklə pay sahibi olub. Heç sivir ucda oynayanda belə məhsuldar Ramil görməmişdik.

Bir sözlə, 26 yaşlı futbolçu karyerasının ən gözəl günlərini yaşayır. Qurbanovun rəhbərliyi altında.

Amma qəribəsi odur ki, o, “Qarabağ”ın yeni müqavilə təklifinə hələ də “hə” cavabın verməyib.

Nədi-nədi başqa təklifləri varmış.

Olmaya, dünəni unudursan, Ramil? Bəlkə, yenidən əlcək kimi klub dəyişmək havasına girmisən? Etmə-eləmə, Ramil!

Nə qədər ki, Qurban Qurbanovun rəhbərliyi altında azdan-çoxdan forma yığmısan onun qədrin bil. Yeni müqavilə təklifinə “gözləyin” demək əvəzinə iki əlli razılaş.

Əmin ol ki, bu, sənin üçün də, klub üçün də, milli komandamız üçün də ən doğrusudur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı