Futbolumuzun TƏK BÖYÜYÜ

3 Dekabr 2022 14:00 Qarabağ 530
Futbolumuzun TƏK BÖYÜYÜ

Bu mövsüm ilk dəfə idi ki, «Qarabağ»ın Premyer Liqada bir rəqibini ciddiyə aldığını gördüm.

Son həftələrdə bədən və beyin olaraq yorğun təsir bağışlayan çempion dünənki derbidə futbolsevərlərə əsl futbol həyacanı yaşatdı.

Ramil Şeydayev öncə iki-üç əla qol fürsətini qaçırdı. Əl-qolunu yanına salmadı, ilk 2 qolun ötürməsini verdi.

Daha sonra özü fərqləndi. Ramilin nəvaxtdır Premyer Liqada bu cür istəkli olması yadıma gəlmir.

Düzdür, qollarını vururdu, ancaq dünənki Ramil sanki yenidən doğulmuş Ramil idi, türklər demiş, pırıl-pırıl oynadı. Qurban Qurbanov ondan necə istifadə eləmək lazımdır, yolunu tapıb. Təbrik edirəm!

Kadinin o möhtəşəm qolu… Bəh-bəh! Sezonun ən gözəl qolları siyahısında ilk «üçlüy»ə düşəcək, bəlkə də birinci sayılacaq vuruş idi bu.

Premyer Liqada belə qolları izləməyin bir başqa ləzzəti var. Otur, epizodu çevir o yana, çevir bu yana, səhərədək izlə, doymazsan.

Kadinin cərimə zərbəsindən qapınun uzaq «doqquzluğ»una sancdığı topu ayaqüstə alqışlamağa qalxsaq, yenə azdır.

«Qarabağ» ötən iki turda əvvəlcə «Sabah»a, arxasıyca «Zirə»yə 1 xal buraxmışdı. Vaxtından əvvəl qış yuxusuna getməyin əlaməti kimi qəbul eləmişdik bunu.

Elə olmağına elə idi, sadəcə, budəfəki rəqib «Neftçi» idi və qəfil ayıldılar ki, bəs biz nə edirik, hələ tətil elanı verilməyib.

Hər işin öz qaydası, öz qanunu, öz prinsipi var. Ona riayət etməsən, istədiyin nəticəni ala bilməzsən. Aş aşdır ki, onu da öz reseptiylə hazırlamasan, aş olmaz, xəşil olar.

«Qarabağ» özünə diqqət yetirərsə, Premyer Liqada önünə keçəni traktorun ağzına alar. Baxmaz bu «Neftçi»dir, bu, «Sabah»dır, bu hər kimdir.

Qabağına qatıb «oppalar»a aparar, üstündən də bir bardaq su içər, yenə doymaz.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti