Bəlkə üstündə pul da verək?!

24 Yanvar 2021 21:20 Qarabağ 1 286
Bəlkə üstündə pul da verək?!

Mahir Emrelinin Polşa klubuna mümkün keçidi ilə bağlı xəbərləri oxuyanda ürəyim ağrıyır.

Bəlkə də onun qocalana qədər legioner karyerası olmayacaq, bəlkə də Mahir saqqalı yerə dəyəndə Sulutəpədəki evində nəvələrinə xatirələrini danışacaq.

Bəlkə də Mahirin ürəyində legioner olmaq həvəsi yoxdu…

Amma mənə bəlli olan həqiqət budu ki, biz özümüzü murdar əski sayıb, hörmət qoymuruqsa, polşalılardan da, türk qardaşlarımızdan da hörmət gəzləməyə dəyməz. Mahirə 200 min avro qiymət qoyan “Qarabağ”ın tələbini haqsız sayırıqsa, deməli, bu ölkə çempionunun ardıcıl 7 dəfə avrokubokların qrupunda oynamasına və bundan da böyük uğurlara layiq deyil.

23 yaşlı Mahir artıq altı ildi “Qarabağ”dadı, komandası bu müddətdə onun özünü göstərməsi üçün maddi və mənəvi baxımdan nə mümkündüsə, edib. Təbii, biz, yəni jurnalistlər və azarkeşlər ondan daha çox şey gözləyirik, ən azı çox böyük uğurlar qazanmaq potensialında olduğunu bilirik. Mahir ağdamlıların və yığmanın bir neçə oyununda özünü ən yaxşı tərəfdən göstərib, həlledici qollar vurub, əlbəttə, buna görə normal pul da alıb. Və indi – günlərin birində üfüqdə peyda olan, Mahiri transfer etmək istəyən “Zaqlebiye” özünə yaxın jurnalistlər vasitəsi ilə mediaya sızdırır ki, “Qarabağ” 200 min avro istədiyinə görə transfer baş tutmayacaq. Mənə qalsa, ağdamlılar polşalılarldan az pul istəyib ki, çox pul istəməyib. Polşalıların məntiqindən belə çıxır ki, biz 23 yaşlı ulduzu onlara havayı verməli, hələ üstünə pul da qoymalıyıq. Abırsızlıq olar e, amma bu dərəcədə yox da!

Uzağa getmək istəmirəm, təkcə elə yaydakı avrokubok oyunlarının nəticəsinə, UEFA-nın əmsallar cədvəlinə baxmaq kifayətdi. Azərbaycan 26-cı yerdədi, Polşa isə 30-cü yerdə, yəni bizdən 4 pillə geridədilər. Yığmaları son 20 ildə Avropa və dünya çempionatlarının final mərhələlərində nadir hallarda görünüb, xüsusən də son illərdə dəfələrlə avrokuboklarda onların dərsini vermişik. Bəs onda bu saymazyana münasibətin, hörmətsizliyin və ədəbazlığın səbəbi nədi? Belə çıxır ki, biz olan-qalan ulduzlarımızı da avropalılara havayı, “tum pulu”na verməliyik. Belə başa düşürəm ki, polşalılar Mahirin üstünə pul qoyub, göndərməyimizi istəyirlər. Təpənizə dəysin belə transfer, panlar! Ya kişi kimi pul ödəyin, ya da ulduzumuzdan əlinizi çəkin! Hansısa hədəfə çatmaq üçün aşağı enə bilərik, amma daha bu dərəcədə yox da! (Futbol+)

Digər Xəbərlər
Xəbər Lenti