Qadın futbolçulardan ibarət Macarıstan millisinin baş məşqçisi Aleksandra Szarvas dünya çempionatının seçmə mərhələsində Andorra ilə keçirilən oyundan sonra fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, 33 yaşlı mütəxəssis 0:0 hesabı ilə başa çatan səfər matçının ardından komandasından narazı qaldığını açıqlayıb.
O, C Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcək növbəti görüşə də toxunub:
“Matçboyu böyük üstünlüklə oynadıq, topa sahib olduq, amma enerjimizin son bir faizi çatmırdı. Oyunçulardan razı deyiləm, daha çox qeyri-dəqiqlik və fərdi səhvlər var idi.
Futbolu bundan daha yaxşı oynaya bilərik. Belə oyunla Azərbaycan qarşısında daha çox əziyyət çəkərik.
Üstəlik, nəzərə alaq ki, rəqib ilk turda qələbə qazanıb və əhvalı yüksəkdir.
Qrupdakı əsas rəqiblərimizdən birini məğlub etməliyik. Bunun üçün isə qısa müddətdə toparlanmaq lazımdır”.
Macarıstan – Azərbaycan oyunu martın 7-də keçiriləcək.

