Milli ola bilməyən yığma - soyuq Skandinaviyadan isti Afrikayadək

25 Fevral 2020 23:10 Premyerliqa 1 462
Milli ola bilməyən yığma - soyuq Skandinaviyadan isti Afrikayadək

AFFA futbolçu yetişdirməkdənsə ölkə xaricindən oyunçu tapmaq planını Sezar Meza Kolli ilə davam etdirir.

Sportiнfo.az xəbər verir ki, bu yolla da Azərbaycan yığmasının əsl milli komanda olması əngəllənir.

Ölkəmizin bir nömrəli komandası milli deyil, beynəlxalq yığma xarakteri daşımaqda davam edir. Bu ənənə hələ 90-cı illərdə başlasa da, get-gedə daha geniş vüsət alıb. AFFA-da rəhbərlər, yığmada məşqçilər dəyişsə də, əcnəbilərin sayı azalmaq əvəzinə artıb.

Sayla yanaşı, yığmadakı “rəngarənglik” də artıb. Artıq komandanın tarixində 3 qitənin 10-dan artıq ölkəsindən olan legionerlər var. Azərbaycanın müxtəlif bölgələrində aparılmalı olan seleksiya işinin sorağı gah soyuq Skandinaviyadan gəlir, gah da isti Afrikadan.

Sən haralısan?
AFFA-nın yeni gözaltısı olan Sezar üçün Azərbaycan 3-cü vətəndaşlıq olacaq. Paraqvaylı futbolçu tarixi vətəni ilə yanaşı, həm də İtaliya pasportu da daşıyır. Azərbaycan isə onun üçün 2-ci də deyil, 3-cü olacaq. Əslində, o, ilk belə oyunçu deyil. Əsli-kökü Anqola ilə bağlı olan Eddi İsrafilov anadan olub, boya-başa çatdığı İspaniya ilə də bağlıdır.

Rusiya üçün lazımsız material
Azərbaycan yığmasına ən çox futbolçu verən ölkə Rusiyadır. Bu ölkədən olan oyunçulara Azərbaycan pasportu verməyin asan olması və əlaqələrin sıxlığı üçün AFFA üçün əsl münbit şərait yaradır. Rusiyadan gələnləri üç qrupa bölmək olar. Bunlardan ikisi isə assosiasiya üçün lap göydəndüşmədir.

Birincisi, Rusiya vətəndaşı olan xeyli sayda azərbaycanlı var. Soydaşlarımıza pasport verib geri qaytarmaq isə çoxları üçün milliləşdirmə sayılmır. Hərçənd milliləşdirmə - vətəndaşlığın dəyişdirilməsinə deyilir. Bu üzdən də qonşu ölkədən gələn azərbaycanlıların da vətəndaşlığını dəyişməsi faktı da qeyd olunmalıdır. Ramil Şeydayev, Emin Mahmudovu belələrinə şamil etmək olar.

AFFA üçün qonşu ölkənin cənubundan, xüsusilə Dağıstandan oyunçu gətirmək də çox asandır. Adətən ad-soyadları da yerli futbolçulardan çox fərqlənmədiyi üçün Bədavi Hüseynov, Murad Hüseynov, Murad Ağayev, Arif Daşdərmirov, Məhəmməd Mirzəbəyov kimi onlarla oyunçunu özümüzünkü sayanlar da az deyil. Cənubi Rusiyadan cəlb olunan legionerlər hələ U-17, U-19, U-21 yığmalarında daha geniş vüsət alıb.

Komandamızın tarixində bu ölkədən olan, lakin azərbaycanlı və ya cənubi rusiyalı olmayanlara da rast gəlmək olar. Sergey Sokolov, Yuri Muzika, Daniel Axtyamov belələrindəndir. Onların üçü də klublarımızda çıxış edib. Sonuncunun isə atası vaxtı ilə Azərbaycan futboluna bağlı olub.

Lakin hər üç halda, həm rusiyalı azərbaycanlılar, həm bu ölkənin cənubundan olanlar, həm də digərləri vətəndaşlığını daşıdığı şimal qonşumuzun millisinə lazımsızlardır. Rusiyanın əsas yığmasına düşə bilmədiklərindən digər varianta – daha zəif Azərbaycan millisinə üstünlük veriblər.

Badri və digərləri
Keçmiş SSRİ-nin dağılmasından sonra müstəqil olan daha 4 ölkənin vətəndaşları Azərbaycan yığmasında oynayıb. Təbii ki, onlar arasında da Azərbaycan kökü olanlar da var, olmayanlar da. Yeganə gürcüstanlı futbolçumuz Badri Kvaratsxeliyadır. Qazaxıstan futbolunun yetirməsi Dmitri Nazarov isə Almaniyaya daha çox bağlıdır. Latviyadan Vüqar Əsgərov, Ukraynadan Pavel Paşayev və Rəşad Eyyubov milliyyət baxımından azərbaycanlı olduğu üçün asanlıqla yığmaya çağırılıb. Ümumiyyətlə, Ukrayna da millimizdəki təmsilçi sayında liderlərdəndir. Ölkəsinin yığmasına lazım olmayan Aleksandr Çertoqanov, Aleksey Stukas, Andrey Popoviç, Vladimir Levin, Vladimir Poşexontsev, Anton Krivotsyuk kimi legionerlər bizim milliyə kömək etməyə çalışıb.

Almaniyada lazımsız türk futbolçu qalmadı
AFFA-nın təkcə əsas deyil, digər yığmalara da oyunçu seçmək üçün Dağıstandan sonra üz tutduğu az qala ikinci yer Almaniyadır. Vaxtilə Azərbaycandan bu ölkəyə köçmüş ailənin övladları Rüfət və Renat Dadaşovlar bir qırağa, oradakı türklər də “topdan” milliləşdirilib. Söhbət Almaniya və Türkiyə yığmalarının heç birinə lazım olmayan 3-cü dərəcəli futbolçulardan gedir. Cihan Özkara, Dəniz Yılmaz, Əli Gökdəmir, İltər Taşkın, Pərdis Fərcad-Azad, Tuğrul Erat, Ufuk Budak və Uğur Pamuk üçün də Azərbaycan 3-cü vətən sayılır.

“Samba” oynaya bilməyən “sambaçılar”
Paraqvay yığmamıza futbolçu verəcək ikinci Cənubi Amerika ölkəsi olacaq. İndiyədək yalnız Braziliyadan oyunçular milliləşdirilib. “Sambaçılar” məşhur həmyerliləri kimi “samba” oynamasa da, yığmamıza kömək edəcəkləri ümidi ilə gətirilib. Bunlar Riçard Almeyda, Andre Ladaqa, Ernani Pereyra, Fabio Luis Ramim, Leandro Melino Qomeş, Markus Ferreyradır.

Azərbaycanda sözünü deyənlər və təsadüfi qonaqlar
Əsas yığmamızda oynamış daha 4 futbolçu var ki, onların hərəsi bir ölkəni təmsil edir. Serbiyalı Branimir Subaşiç Azərbaycan klublarında sözünü deməyi bacardığı üçün milliləşdirilib. Usim Nduka Nigeriya vətəndaşı olsa da, karyerası az qala tamamilə ölkəmizlə bağlıdır və Premyer Liqada xeyli sayda matça çıxaraq milliyə düşüb.

İki futbolçu isə yığma üçün təsadüfi qonaqdır. İsrail azərbaycanlısı Əli Babayev və isveçli legioner Emin Nuri bir neçə dəfə komandaya çağırılıb.

İtkin düşən, şansını gözləyən, siyahını böyüdəcək futbolçular
Azərbaycan yığmasında oynamış xarici vətəndaşların sayı tezliklə daha da böyüyəcək. Hər halda, komandaya namizədlər və dəfələrlə çağırılıb meydana çıxmayanlar arasında olan Mehdi Cənnətov, Aleksey İsayev, Şahrudin Məhəmmədliyev, dəvəti gözlənilən Rəhim Sadıxov da komandanın formasını istənilən vaxt geyinə bilər. Düzdür, əvvəllər də milliyə çağırılan, lakin şans qazanmayanlar olub ki, onlar artıq unudulub. Belələrinə misal kimi Əziz Quliyev, İsmayıl Ediyev, Kiyan Soltanpur və Şamil Qurbanovu göstərmək olar. Əslində, siyahını böyütmək üçün başqa ölkələrin futbolunda yetişən, Azərbaycana hazır oyunçu kimi gələnləri də qeyd etmək olar. Vaqif Cavadovun Rusiya, İlqar Qurbanovun Türkiyə, Anatoli Ponomaryovun İsveç futbolunun yetirməsi olduğu heç kimə sirr deyil. Hələ SSRİ vaxtı Azərbaycana gələn Aleksandr Jidkov kimi başqa respublikaların təmsilçiləri də var. Görünür, futbolçu yetişdirmək problemi nəinki həll olunmur, heç həll yolu da axtarılmır. Çünki xaricdə oyunçu tapmaq daha asandır (apasport.az).

Xəbər Lenti