Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışlarına start verilir.
Sportinfo.az xəbər verir ki, mübarizəyə ilk olaraq Yunan-Roma güləşçiləri başlayacaq.
Həmin gün döşəkçəyə Azərbaycan millisinin 2 üzvü çıxacaq. Püşkatma mərasimində onların ilk rəqibləri müəyyənləşib.
60 kq çəki dərəcəsində yarışacaq 2024-cü ilin Avropa çempionu, 28 yaşlı Murad Məmmədov mübarizəyə 1/8 finaldan start verəcək. Onun rəqibi Venesuela güləşçisi, 2024 Panamerikan çempionatının qalibi Rodrigues Orosco (33 yaş) olacaq.
130 kq. çəkidə yarışacaq Azərbaycan millisinin digər üzvü, Rio-2016 Olimpiadasının bürünc mükafatçısı Sabah Şəriəti (35 yaş) isə 1/8 finalda Estoniya güləşçisi Heiki Nabi (39 yaş) ilə qarşılaşacaq.
Nabi təcrübəli güləşçidir. O, 2006 və 2013-cü ildə dünya çempionatında qızıl, 2012 London olimpiadasında isə gümüş medal qazanıb.
Güləş yarışları bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.