“Neftçi” heç bir komponentdə Minsk “Dinamo”sundan geri qalmır.
Demək olar bütün cəhətlərdə üstündür. İstər şərait olsun, istər büdcə, istər futbolçu keyfiyyəti, istərsə də azarkeş amili.
Di gəl, elə həmin “Neftçi” ötən həftə Belarus nəhənginə Bakıda boyun əydi. Hesabda 2:0 öndə olduğu oyunu 2:4 məğlub başa vurdu.
Bunu müəyyən mənada qəza da adlandırmaq olar. Kapitan Emin Mahmudovun diliylə desək, 2:0-dan sonra komanda üzvləri qələbənin əldə olunacağını düşünürdülər.
İndiki vəziyyətdə arada 2 topluq fərq var. Dünyanın sonu deyil, fərqi aradan qaldırıb qələbə qazanmaq və növbəti mərhələyə yüksəlmək möcüzə görünməmılidir.
Minsklilər geridönüş edərək 4 top vurmağı bacardısa, bakılılar da eynisini təkrarlaya bilər.
Ümumiyyətlə, “Neftçi”nin tarixində belə hallar çox olub. “Ağ-qaralar” Bakıda keçirdiyi ilk oyunda uduzub, yaxud heç-heçə edib, səfərdə qazanılan qələbə ilə cütün taleyini xeyrinə həll edib.
2012-ci il yadınızdadır yəqin. “Neftçi” Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə Bakıda APOEL-lə 1:1 bərabərə qalmışdı.
Bu nəticədən sonra çoxları kiprlilərin öz meydanında, güclü azarkeş ordusunun qarşısında rahat qələbə qazanacağını təxmin edərkən, təmsilçimiz 3:1 qələbə ilə Kipri şoka salmış, Azərbaycan futbolu tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə qazanan komanda kimi tarixə düşmüşdü.
2014-cü ildə Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Koper”lə Bakıda qarşılaşan bakılılar meydanı 1:2 məğlub tərk etmişdi.
Oyundan dərhal sonra klubun vitse-prezidenti Tahir Süleymanov futbolçuları “ağ yuyub, qara sərmiş”, istefa verdiyini açıqlamışdı.
Cavab görüşündən əvvəl rəhmətlik prezident Sadıq Sadıqovun səs tonunu qaldırması komandanı “yuxudan ayıltmışdı”. “Neftçi” Sloveniyada 2 cavabsız top vurub 3-cü mərhələyə yüksəlmişdi.
3-cü mərhələdə bu dəfə “Çixura”nın müqavimətini qrmaq mümkün olmamışdı – 0:0. Qolsuz bərabərliyə baxmayaraq, Gürcüstana böyük ümidlərlə yollanan “Neftçi” növbəti səfər qələbəsi (3:2) sayəsində pley-offa yüksəlib “Partizan”la üz-üzə gəlmişdi.
“Ağ-qaralar”ın yaxın keçmişində bu cür hallar yaşanıb. Bakıda uduzub, ya da qalibiyyətə həsrət qalsalar da, səfər qələbəsi hesabına mərhələni adlamaq mümkün olub.
Düzdür, bu dəfəki durum bir az ağırdır. Arada 2 topluq fərq var. Ötən həftə 2 qol vurmaq üçün 8 dəqiqə kifayət etmişdi. Bu dəfə 3 qol vurmaq üçün 90 dəqiqə vaxt olacaq.
Yetər ki, sadaladığımız faktları kimsə futbolçulara desin, “Neftçi”nin əzəmətini göstərsin, kollektivdə inam yaratsın.
İyulun 30-da “Beroe” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

