"Neftçi" Konfrans Liqasına uğursuz start verdi.
Komanda doğma divarlar arasında Minsk "Dinamo"suna 2:4 məğlub oldu.
Və yenə ilk hədəfə gətirilən "Neftçi" rəhbərliyi oldu.
Bəli, uğursuzluq varsa, tənqidlər olacaq.
Təəssüf ki, bir çox hallarda "ağ qaralar"ın azarkeşləri komanda meydana çıxmadan da eyni səpkidə narazılıq bildirir.
"Sportinfo TV"də yayımlanan canlı efirlərimizdə buna tez-tez şahid oluruq.
Mən isə bununla birmənalı şəkildə razılaşmıram.
2:0 öndəsən, hər şey ideal gedir.
Real qol imkanları bir-birini əvəzləyir.
Hamının böyük hesablı qələbə gözlədiyi məqamda müdafiədə edilən uşaq səhvləri ardıcıl 4 qolun buraxılmasını labüd edir.
İndi buna rəhbərlik nə etsin?
Baş məşqçinin yerinə meydana çıxıb heyət qursun?
Əvəzetmələr həyata keçirsin?
Klub Roman Qriqorçuk və Samir Abasovun ardınca Yuri Vernidub kimi təcrübəli adamı baş məşqçi postuna gətirib.
Hər birinə heyət qurmaları üçün şərait yaradılıb.
Ən ideal toplanış təşkil olunub.
İlk məğlubiyyətdə yenə rəhbərlik?
Rəhbərliyin işi meydanın ətrafıdır.
Və orada lazım olan hər şey ən üst səviyyədə qurulub.
Hə, bu cür iddialar da var ki, gələn əcnəbilərin bəziləri sifarişlədir.
Ağıllı adam buna inanar?
Bəli, futbolçusuna "Neftçi" forması geyindirməyi arzu edən menecerlər çoxdur.
Elə bu məqsədlə təklif olunan gəlmələrin də siyahısı çox genişdir.
Bəs buna sonda qərar verən kimdir?
Əlbəttə, baş məşqçi.
Mümkün ola bilməz ki, nəinki Yuri Vernidubun, hətta Roman Qriqorçuk və Samir Abasovun da istəmədiyi futbolçu kluba götürülsün.
Hər birini yaxşı tanıyırıq.
Kifayət qədər adı, çəkisi var.
İş tapmaq kimi problemləri də yoxdur.
Artıq məsuliyyətin əsas hissəsi də baş məşqçinin üzərinə düşür. Çünki transferlərdə son sözü deyən də odur, həmin futbolçuları meydana çıxaran da.
Rəhbərlik lazımi şəraiti yaradır, meydanda başverənlərə isə ilk növbədə baş məşqçi və futbolçular cavabdehdir.
Ona görə də hər uğursuzluqdan sonra bütün məsuliyyəti birmənalı şəkildə rəhbərliyin üzərinə atmaq nə ədalətlidir, nə də məntiqlidir.
XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

