İki mövsümlük aradan sonra "Neftçi" ölkəmizi Konfrans Liqasında təmsil edəcək.
Uğurlu olmaq üçün heyətin güclənməsi mütləqdir.
Əbəs deyil ki, "ağ qaralar"ın fanatları narahatdır.
Sosial şəbəkələrdə "yeni transferlər nə vaxt olacaq" sualı çox səslənir.
Hətta "gecikirik" deyə yazanlar da az deyil.
Narahatlığa əsas yoxdur.
Əldə etdiyimiz məlumata görə, klub daxilində ciddi şəkildə transfer işləri aparılır.
Təbii ki, Yuri Vernidubun tapşırıqları əsasında.
Ukraynalı mütəxəssis ən azı 5 legionerin alınmasını istəyib.
Hansı mövqelər üzrə axtarışlar aparılması da bizə məlumdur.
Əcnəbi çalışdırıcı müdafiənin mərkəzinə bir, yarımmüdafiənin mərkəzinə və hücumun sivri ucuna iki legionerin alınmalı olduğunu bildirib.
Yeni forvardlardan birinin potensialı yüksək, uğura "ac" olan gənc birinin olması da seçilən kriteriyalar arasındadır.
Təcrübəli mütəxəssis üçün prioritet komandanın orta xəttini daha diri tutmaqdır.
Hər zona üçün alınacaq əcnəbiyə veriləcək büdcə belə məlumdur.
Aktiv danışıqların getdiyi legionerlər var.
Bəzi transferlərdə hər an məsələyə nöqtə qoyula bilər.
Vernidub heç bir halda transfer xətrinə transfer edilməsini istəmir.
O, son dərəcə diqqətlə çək-çevir edib, yekun qərar verməyə çalışır.
XANOĞLAN / SPORTİNFO.AZ

