“Neftçi” Azərbaycan Premyer Liqasının 24-cü turunda “Qəbələ”nin qonağı oldu.
“Ağ-qaralar“ bu səfərdən 3:1 hesablı qələbəylə ayrıldı.
Matçdan sonra mətbuat konfransı keçirən bakılıların baş məşqçisi Yuri Vernidub kifayət qədər maraqlı açıqlama verdi.
Ukraynalı çalışdırıcı “Avropaya getməsək, faciə deyil” deməklə bütün diqqətləri özünə çəkdi:
“Komandamız ürəklə çıxış etdi. Əlimizdən gələni edirik ki, Avropada çıxış edək. Nə olacağını Allah bilər.
Əlimizdən gələn nə varsa, etməyə çalışacağıq. Və deyim ki, Azərbaycan çempionatı çox maraqlıdır.
Artıq üç aydır ki, buradayam, hələ çempionluq bəlli deyil. Avropaya getməsək, faciə deyil, xoşagəlməz hadisə kimi qiymətləndirəcəyik.
Çox komandalar bunu istəyir. Hətta “Şamaxı” da bunu istəyir. Nə olacaq, mövsümün sonunda görəcəyik”.
Vernidubun bu açıqlamasının arxasında nə dayanır? Saytımız bu yöndə mühüm məlumat əldə edib.
Öyrəndiyimizə görə, o, yaxınlarda klub rəhbərliyi ilə görüşüb. Burada komandanın mövcud durumu, habelə gələcək planları yönündə geniş müzakirə aparılıb.
Təcrübəli mütəxəssis son turadək Konfranas Liqasına vəsiqə uğrunda mübarizə aparacaqlarını bildirib.
Çalışdırıcı heyətlə bağlı narahatlığını dilə gətirib. Xüsusən də legionerlərlə əlaqədar.
Qeyd edib ki, ondan əvvəl kollektivin sükanı arxasında dayanmış Samir Abasovun bir neçə əcnəbi oyunçunu hansı səbəbdən bura transfer etməsinin səbəblərini anlamağa hələ də çətinlik çəkir.
Yönətim bu görüşdə Verniduba tam dəstəyini ifadə edib. Ona «Sizin arxanızdayıq» deyilib.
Açıq mesaj verilib ki, mövsümün sonunda yenidən baş məşqçi məsələsinə qayıtmaq fikirləri yoxdur. Yəni ki, ötən ilin dekabrında imzalanmış 6 ay+1 illik müqavilənin ikinci hissəsinin qüvvəyə minməsini istəyirlər.
Təki komanda qarşıdakı həftələrdə mübariz təsir bağışlasın, hər oyunda qələbəyə can atsın.
SPORTİNFO.AZ

