“Neftçi”dən istefa verən baş məşqçi ilə bağlı SON XƏBƏR

14:20 Neftçi 807
“Neftçi”dən istefa verən baş məşqçi ilə bağlı SON XƏBƏR

Dünən «Neftçi»nin baş məşqçi postundan istefa verən Samir Abasov klub rəhbərliyi ilə görüşəcək.

Yığıncaqda müqavilənin pozulmasına dair şərtlər müzakirə olunacaq.

Bu gün komandanın istirahət günü olduğundan, toplantı qısa sürməyəcək. Tərəflər vida anlaşmasının detallarını gen-bol masaya yatıra biləcək.

Mövcud kontraktı gələn ilin yayında bitəcək mütəxəssisə «qal» deyilmək ehtimalı varmı?

Əldə etdiyimiz son məlumata görə, Abasov düşərgədən getmək fikrində qətidir. Baxmayaraq ki, köməkçiləri onu qərarından döndərməkdən ötrü hərəkətə keçib.

Ancaq çalışdırıcı bildirib ki, o, sözü bir dəfə deyir və niyyətindən dönüb özünü komanda içində gülünc vəziyyətə salmaq istəmir. Çünki sumqayıtlı sükançı burada qalacağı təqdirdə, kollektivi uğursuzluq zolağından çıxaracağına inanmır.

Onun yerinə namizəd olan Yuri Vernidub yaxın günlərdə Azərbaycana gələcək.

Ukraynalı klubun şəraiti ilə yaxından tanış olmaq, rəhbərliklə üzbəüz görüşüb müqavilə şərtlərini danışmaq, qarşıya qoyulan hədəfləri konkretləşdirmək məqsədilə ölkəmizə təşrif buyuracaq.

Əslində, bakılılar 59 yaşlı mütəxəssisin ilkin razılığını alıb. Onunla qısa müddətdə təmas qurulub, təklif barədə məlumat verilib.

Bu gün «Neftçi»nin Samir Abasovla bağlı rəsmi açıqlama yayması gözlənilir.

Dünən xəbər verdiyimiz kimi, o, «İmişli» ilə matçdan (2:3) sonra istefaya gedib.

Baş məşqçi doğma publika önündə məğlubiyyətin təsiri altında paltardəyişmə otağına daxil olaraq, vəzifəsindən ayrıldığını açıqlayıb. Mütəxəssis bu vəziyyətdə işini davam etdirməyin çətinliyindən danışıb, bütün futbolçularla sağollaşıb.

Abasov 2024-cü ilin oktyabrında «ağ-qaralar»ın sükanı arxasına keçmişdi. Daha öncə - 2020-2022-ci illərdə də burada işləmiş çalışdırıcının budəfəki gəlişi qətiyyən uğurlu alınmadı.

Ötən mövsüm komandanı avrokuboklara daşıya bilməyən məşqçinin cari sezonda əldə etdiyi nəticələr də qanqaraldıcıdır. Bakılılar 12 turdan sonra Premyer Liqanın ikinci «altılığ»ında - 8-ci pillədədir.

Vernidub son 3 ili ölkəsində - «Krivbas»ın sükanı arxasında keçirib. O. daha əvvəl «Metallurq», «Zarya», «Şaxtyor Soliqorsk» kimi klublarda fəaliyyət göstərib.

Kayrerasının ən böyük uğurunu 2020-2022-ci illərdə qazanıb.

«Şerif»i Çempionlar Liqasının əsas mərhələsinə çıxarıb. Moldova komandası həmin vaxt «Real»ı udmaqla, bütün Avropaya səs salıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...