Samir Abasovun istefa qərarına klub rəhbərliyi necə yanaşdı?

09:20 Neftçi 1 082
Samir Abasovun istefa qərarına klub rəhbərliyi necə yanaşdı?

Bu gün «Neftçi»nin Samir Abasovla bağlı rəsmi açıqlama yayması gözlənilir.

Dünən xəbər verdiyimiz kimi, o, «İmişli» ilə matçdan (2:3) sonra istefaya gedib.

Baş məşqçi doğma publika önündə məğlubiyyətin təsiri altında paltardəyişmə otağına daxil olaraq, vəzifəsindən ayrıldığını açıqlayıb. Mütəxəssis bu vəziyyətdə işini davam etdirməyin çətinliyindən danışıb, bütün futbolçularla sağollaşıb.

Abasov 2024-cü ilin oktyabrında «ağ-qaralar»ın sükanı arxasına keçmişdi. Daha öncə - 2020-2022-ci illərdə də burada işləmiş çalışdırıcının budəfəki gəlişi qətiyyən uğurlu alınmadı.

Ötən mövsüm komandanı avrokuboklara daşıya bilməyən məşqçinin cari sezonda əldə etdiyi nəticələr də qanqaraldıcıdır. Bakılılar 12 turdan sonra Premyer Liqanın ikinci «altılığ»ında - 8-ci pillədədir.

Əlbəttə, bu hal klub rəhbərliyini qayğılandırır.

Yayda yeni oyunçuların alınmasına kifayət qədər böyük pullar xərcləmiş, son olaraq Vensan Abubakarı da Azərbaycana gətirmiş yönətim inanırdı ki, nəhayət, Abasov komandanı düzəldəcək, avrokuboklara vəsiqə qazanmaq tapşırığının öhdəsindən gələcək.

«İmişli»yə dünənki məğlubiyyət bu mənada növbəti «soyuq duş» oldu. Bildiyimizə görə, debütantla matçın ardından yönətim səviyyəsində məşvərət aparılıb.

Baş məşqçinin qərarı müzakirə edilib. Rəhbərlikdə təmsil olunanların əksəriyyəti Samir Abasovun getməsini məqsədəuyğun sayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...