Bir istedadı məhv edənləri tanıyın - AFFA, "Neftçi" və ....

22:20 Neftçi 345
Bir istedadı məhv edənləri tanıyın - AFFA, "Neftçi" və ....

U-21 millimiz Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini Cəbəllütariqdə qazandı - 1:0.

Matçdakı yeganə qolu 19 yaşlı Murad Məmmədov möhtəşəm zərbə ilə adına yazdırdı.

"Neftçi"nin yetirməsi bütün aşağı yaş millilərimizdə çıxış edib.

Məmmədov çox istedadlı uşaqdır.

Amma o da limitsizliyin qurbanına çevrilib. Ötən mövsüm meydana çıxdığı 23 oyunda 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalmışdı.

18 yaşlı uşağın ilk addımları üçün pis statistika deyil.

Davam etsə, güvən görsə artıra, inkişaf edə bilərdi.

Təəssüf ki, limitin ləğvindən sonra bu mövsüm ehtiyat skamiyanın daimi sakininə, baş məşqçi Samir Abasov üçün lazımsız oyunçuya çevrilib.

Arxada qalan 11 turda cəmi 2 görüşdə meydana çıxıb. Birində 11 dəqiqə, digərində 1 dəqiqə şans alıb.

Faktiki adama 11 turda heç tərləyə biləcək zaman verilməyib.

Kimsə deyə bilər ki, rəqabətdə qalib gəlsin.

Kiminlə?

Hər iki halda da İmad Farajın yerinə meydana ayaq basıb. Onunla rəqabət aparsın?

Farajın 26 yaşı var. Muraddan 7 yaş təcrübəlidir.

O, futbolun sirlərini 2 qat dünya çempionu Fransada öyrənib.

Fransa U-19 millisində forma geyinib.

Murad maksimum 5 min manata maaş alır, İmad 50 min manat.

Belədə adamın şansı yoxdur rəqabətdə qalib gəlməyə.

Bu rəqabət deyil, əksinə futbol ölkəsindən gələn təcrübəli birinin kölgəsində bir azərbaycanlı istedadın məhvinə zəmin yaratmaqdır.

Günahkar isə nə qədər desən - Qərar verən AFFA, bunu dəstəkləyən şəxslər, limitin ləğvindən süi istifadə edən məşqçilər korpusu və.s.

Budur ədalətiniz?

Belə rəqabət mühiti olmur, cənablar.

"Neftçi"nin illərlə yetişdirdiyi bütün yetirmələri küçələrdə qalmamalıdır. Murad kimi istedadların klubun əfsanəsinə çevrilməsində rəhbərlik maraqlı olmalı, məşqçilər korpusu səy göstərməlidir.

Amma heç kim əlini daşın altına qoymur.

Hər kəs hazır məhsul, yağlı tikə axtarır.

Hə, kimsə deyə bilər ki, gedib "Şamaxı"da, "Karvan-Yevlax"da oynasın. Əslində çıxış yolu deyil. Bu cür alternativ hər dəfə keçərli sayıla bilməz.

Amma dərd bundadır ki, "Neftçi" yayda buna da getmədi.

Onu israrla istəyən "Şamaxı"ya, "İmişli"yə, "Kəpəz"ə "yox" cavabı verildi.

İndi bu uşağın günahı nədir?

Olanların fonunda Cəbəllütariqdə nəinki qol vurması, meydan çıxması belə alqışlanmalıdır.

Milli komandanı AFFA, "Neftçi" vecinə almırsa, Murad da düşünmək məcburiyyətində deyil.

Normalda bu cür prinsiplərlə, şərtlərlə idarə olunan ölkə futboluna üz çevirib getməliydi.

Kitabını oxumağa. Bəlkə də fəhləlik etməyə...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti