Samir Abasovun cavab verməli olduğu sual - Bu oyunçuların “Neftçi”də nə işi var?

17:40 Neftçi 374
Samir Abasovun cavab verməli olduğu sual - Bu oyunçuların “Neftçi”də nə işi var?

Cari mövsümün ilk Azərbaycan derbisi 11-ci turun qismətinə yazıldı.

«Neftçi»nin Suraxanı səfəri məğlubiyyətlə nəticələndi.

«Qarabağ» ikinci hissədə vurduğu 2 qolla turnir cədvəlində liderliyi geri qaytardı,

Əvvəla, onu deyək ki, Elçin Məsiyev derbini derbiyə layiq şəkildə idarə etdi. Samir Abasovun hər nə qədər ondan narazı qalmasına, mətbuat konfransında şikayətlənməsinə baxmayaraq.

Bəlkə də o, 2021-ci ilin mayındakı Elçini görmək istəyirdi yenə meydanda. FİFA referisi həmin zaman «Qarabağ»ın iki penaltisini verməmiş, «Neftçi» Ahmed Ahmedovun yeganə qoluyla çempionluq titulunu qazanmışdı.

Məsiyev həin səhvləri təkrarlamadı, oyunu düz apardı. Qonaqların qapısına təyin elədiyi penalti qərarı da haqlı idi.

Artıq VAR da var və bu epizoda göz yumulsaydı, səs-sorağı çox pis çıxacaqdı.

«Neftçi» oynadı. Amma Samir Abasovun dediyi qədər, yəni, o qədər də yaxşı yox. Freddi Varqasın Dani Bolta toxunuşu kifayət qədər kobud alındı.

Venesuella kimi millinin şərəfini qoruyan yarımmüdafiəçinin etməməli olduğu bir müdaxilə idi bu.

«Neftçi» «Qarabağ»ın ona imkan verdiyi qədər oynadı. Emin Mahmudov zədələnib fasilədə əvəzlənməsəydi, ikinci hissə «Neftçi» üçün bir qədər fərqli keçə bilərdi.

«Çelsi» ilə oyundan yorğan çıxmış «Qarabağ»da baş məşqçi Qurban Qurbanov bəzi rotasiyalara getmişdi və bu, normalda «Neftçi»nin lehinə işləməliydi.

Üç epizodda «Qarabağ»ı narahat edə bildilər. Üçü də qarşılaşmanın son bölümündə. Və bütün hallarda Şahruddin Məhəmmədəliyev qapıda sayıq tərpəndi, səhvə yol vermədi.

Samir Abasov oyunu analiz edərsə, yaxşı olar ki, öz seçimlərini də incələsin. Elvin Bədəlov və Cordan Rezabalanın «Neftçi»də nə işi var axı.

Uzaqbaşı, «Sumqayıt»da oynamalı olanlara «Neftçi»nin formasını niyə geyindirsin ki? Ya da ki, Falaye Sako.

Hmm…

Yalnız Sessi Dalmeyda. Beninli yarımmüdafiəçi meydanda olduğu 87 dəqiqə ərzində iki-üç komanda yoldaşının işini tək gördü.

O qədər qaçdı, o qədər rəqibin üstünə getdi, o qədər özünü oda-közə vurdu ki…

Deyəsən, «Neftçi»nin bir sıra oyunçuları son anadək anlamadı ki, bu, derbidir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti