Vaxtilə “Portu”, “Rayo Vallekano”, “Fənərbağça” kimi komandaların şərəfini qorumuş, son mövsümü “Sabah”da keçirmiş. 32 yaşlı seneqallı müdafiəçi Abdulaye Ba Sportinfo.az-a müsahibə verib.
- Gərgin mövsüm başa çatdı. İstədiyin kimi oldu?
- Klub tarixində ilk dəfə medallara qovuşduq. Fikrimcə, bunun özü də nailiyyətdir. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Əsas iş bundan sonra başlayır. Avropa Konfrans Liqasına yaxşı hazırlaşmalı, Azərbaycanı orada layiqincə təmsil etməliyik.
- Mövsüm sənin üçün uğurlu başlamışdı. Çempionatın ən yaxşı mərkəz müdafiəçilərindən hesab olunurdun. Sonra nə baş verdi?
- Az oynamağım zədəylə bağlı idi. Qış fasiləsindən sonra zədə aldım, əsas heyətdəki yerimi itirdim. Buna baxmayaraq, işimə əsl peşəkar kimi davam etdim.
- Mükafatlandırma mərasimində qızıl medal qazanan “Qarabağ”ın futbolçularını təbrik etdin?
- Onları təbrik etmək mütləqdir. Möhtəşəm mövsüm keçirdilər və haqlı olaraq çempion adını qazandılar. Həm çempionatda, həm də avrokuboklarda layiqli mübarizə apardılar. Yaşıl meydanlarda rəqibik, düşmən deyilik.
- Gümüş medallara sahib olandan sonra meydanı tərk etmədiniz. Sona qədər gözlədiniz və “Qarabağ”a kubokun təqdim olunmasını canlı izlədiz. Sizdən fərqli olaraq, “Neftçi”lilər buna ehtiyac duymadı. Peşəkarlığa önəm verən biri kimi fikirlərini eşitmək maraqlıdır.
- Bu suala şərh verməyəcəm. Çünki mənə aid məsələ deyil. Onların niyə belə etdiyini demək çətindir. Bəlkə işləri olub, bəlkə başqa səbəb var. Yalnız özüm və “Sabah”la bağlı sualları cavablandıra bilərəm.
- Yeri gəlmişkən, “Neftçi”yə gedəcəyin deyilir.,.
- Tək “Neftçi”yə keçəcəyim deyilmir. Yenidən Türkiyəyə qayıdacağım haqda da xəbərlər dolaşır. Az öncə söylədiyim kimi, bu dəqiqə bütün diqqətimi istirahətə yönəltmişəm. Dincəlmək istəyirəm. Gələcəkdə nələrin baş verəcəyini zaman göstərəcək.
HƏBİB