“Oyuna çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, bu rəqibi məğlub edə bilərik.
Çox şadam ki, buna nail olduq və 'Mingəçevir' azarkeşlərini sevindirdik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Birinci Liqanın səkkizinci turunda “Baku Sportinq”i 1:0 hesabı ilə məğlub edən “Mingəçevir”in çalışdırıcısı Samir Məmmədov qələbəni şərh edərkən deyib.
Maliyyə sıxıntıları yaşayan “işıqçılar”ın məşqçisi qazanılan vacib qələbənin əhəmiyyətindən və qarşıdakı hədəflərdən söz açıb:
“Bizim üçün ürəkaçan nəticə oldu. Belə bir vaxtda qələbə çox önəmli idi. Növbəti oyunlarımıza da səylə hazırlaşıb azarkeşlərimizi sevindirmək istəyirik”, - deyə o fanat.az-a açıqlamasında bildirib.
Hazırda hesabında yeddi xal olan “Mingəçevir” Birinci Liqanın turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.
