"Dəhşətə gəldim, bu, göz görə-görə edilən cinayətdir, qəddarlıqdır!"

3 May 2023 22:20 Müsahibə 1 006
"Dəhşətə gəldim, bu, göz görə-görə edilən cinayətdir, qəddarlıqdır!"

7 yaşlı Fərid Bakarovun məşqdə aldığı xəsarətlərdən dünyasını dəyişməsindən bir neçə gün keçsə də onun ölümü haqqında müzakirələr davam edir.

Hər kəsi şoka salan idmançı Mehman Xəlilovun məşq zamanı azyaşlı uşağa qarşı insanlığa sığmayan hərəkətlərə yol verməsidir.

Həmin anın görüntülərni özündə əks etdirən videoda yer alan şiddətə baxmağa hər insanın ürəyi tab gətirməz.

Təbii ki, yaşananlar övladını idmana qoyan valideynlərdə də ciddi narahatlıq yaradıb.

Elə "Sumqayıt" Futbol Akademiyasının təməl məşqçisi Məhəmmməd Aliyevlə söhbətimiz həmin valideynlərin narahatlığı, cəmiyyətin narazılığı və digər məsəllər ətrafında oldu.

- 7 yaşlı Fərid Bakarovun faciəli şəkildə dünyasını dəyişməsi cəmiyyətdə böyük rezonans doğurdu. Yəqin ki, məlum videonu izləmisən...

- Bəli, videonu izləmişəm. Həqiqətən baxanda dəhşətə gəldim. Bu, göz görə-görə edilən cinayətdir, qəddarlıqdır. İnsan insana bu qədər amansız davranmaz. 7 yaşındakı körpəyə qarşı isə heç davrana bilməz.

- Özün də illərdi 5-8 yaş arası uşaqlara məşqlər keçirsən. Bu yaşda olan uşaqlara yanaşma necə olmalıdır?

- Uşaqlara ilk növbədə öz övladına yanaşdığın kimi yanaşmalısan. Səhv etdiyində doğru olanı lazım olsa bir neçə dəfə izah etməlisən. Onlara yaxın olub, dəyər verdiyini, onun üçün ən yaxşısını istədiyini hiss etdirmək lazımdır. Bu cür yanaşma olanda uşaq da sənin istəklərini sənə qaytarmaqda həvəsli olacaq. Dəyər gördüyünü hiss edən uşaq daha inamlı, daha istəkli olur. Bu, sadəcə futbolda deyil, həyatdakı bütün işlərdə belədir.

- Bu, işin mənəvi tərəfidir. Bəs klublar məşqçilərin seçimini hansı meyarlarla aparmalıdır? Azyaşlılarla işləmək haqqını kimlərə verməlidir?

- Fikrimcə, təməl məşqçiləri psixoloji testdən mütləq keçməlidir. Uşağın 3 yaşında şüuru formalaşır. 6-7 yaşında onun ən çox inkişaf etdiyi dövr olur. Onlara bu dönəmdə məşq keçən məşqçi sağlam psixologiyaya sahib olmalıdır. Ki, sağlam da uşaq yetişdirə bilsin. Bu, ən başlıca şərtdir. Bir də məşqçi hər nə qədər savadlı olsa da, ünsiyyəti düzgün olmasa uşaqlarla əlaqə qurması çətin olacaq. Məşqçinin ən önəmli cəhətlərindən biri ünsiyyət qurmaq bacarığının olmasıdır.

- "Sumqayıt"da bu işlər necə tənzimlənir? Rəhbərliklə məşqçilər arasında komnukasiya necədir?

- Daim sıx əlaqədəyik. Tez-tez iclaslar keçirilir, məsləhətlər verilir. Gələcək planlar haqqında danışırıq. Uşaqlara yanaşmanın daha da inkişaf etdirilməsinin yollarını axtarırıq. Məşqçilərimiz işə qəbul olunanda da birinci növbədə insani dəyərlərinə, məsuliyyətli olmasına önəm verilir.

- Hadisədən sonra məsləhət almaq üçün sizə müraciət edən valideynlər olubmu?

- Xeyr. Şükür ki, bizdə bu baxımdan hər hansı narahatlıq yoxdur. Məşqlərimizi də hər gün çox sayda valideyn yaxından izləyir.

- Yaşanmış hadisə valideynlərin övladlarını idmana yazdırmasında kəskin azalmaya səbəb ola bilərmi?

- Kəskin olmasa da müəyyən qədər təsir edə bilər. İnşallah, bir daha belə hadisələr yaşanmaz.

- Haqqlı olaraq valideynlərin ciddi narahatlığı diqqət çəkir. Çevrəmizdə də övladını idmana yazdıranlar arasında bunu görmək mümkündür. Sonda belə həssas dönəmdə onlara nə tövsiyə edərdiniz?

- Valideynlər hansı idman növü olmasından asılı olmayaraq uşaqlarını əmanət etdikləri müəllimlər haqqında əvvəlcədən düzgün məlumat əldə etməlidirlər. Onun hansı həyat tərzi yaşaması haqqında müəyyən bilgilərə sahib olsalar yaxşı olar. Ən azı bir neçə məşq övladlarını həvalə edəcəkləri məşqçini yaxından izləməli və onun uşaqlarla necə ünsiyyət qurmasını dəyərləndirməsi faydalı olar.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti