“Adam bunları görüb, dəhşətə gəlir” - Tanınmış menecer “Sportinfo”ya danışdı

26 Noyabr 2021 15:00 Müsahibə 1 301
“Adam bunları görüb, dəhşətə gəlir” - Tanınmış menecer “Sportinfo”ya danışdı

Az sayda futbolçu var ki, ökəmizdə legioner həyatı yaşayandan sonra onu Azərbaycana yenə nəsə bağlayır, ara-sıra şəxsi işləri üçün olsa belə, Bakıya gəlib-gedir.

Boyan İliç də həmin azsaylılardan biridir.

2008-2008-ci illər aralığında ölkəmizdə legioner həyatı yaşayıb “Qarabağ”la “Bakı”nın şərəfini qorumuş 42 yaşlı serbiyalı karyerasını başa vurandan sonra menecerlik sahəsini seçmişdi.

Elə buna görə də zaman-zaman yolu Bakıya düşür, hansısa əcnəbinin keçidini həll edir. Ən əsası, futbolumuzun incəliklərindən xəbərdardır.

Boyanla danışmağın “bir güllə ilə iki dövşan vurmaq” effekti verəcəyini yaxşı bilirdim. Həm futbolçu, həm agent dönəmindən bəhs edəcək, bir çox sualları cavablandıracaqdı.

Ehtimalımda yanılmadım. İliçlə 47 dəqiqəlik söhbətimiz gözlədiyimdən də maraqlı alındı.

- “Qarabağ”dakı futbolçu günlərini necə xatırlayırsan?

- Ancaq və ancaq xoş xatirələr qalıb yadımda. Təcrübəli futbolçulardan və milli üzvlərindən qurulmuş çox yaxşı komandamız var idi. Bunun sayəsində ölkə kubokunu qazanmışdıq. Vaxtilə çiyin-çiyinə oynadığım futbolçuların çoxu indi məşqçilik edir, bəziləri klublarda çalışır. Tahir Gözəllə Emrah Çelikel daim kollektivin yaanında olurdu. Yaxşı xatırlayıram, baş məşqçimiz Böyükağa Ağayev idi, buna baxmayaraq, Şahin Diniyev də tez-tez bizə baş çəkirdi.

- O niyə?

- Diniyev “Kəpəz”də işləyirdi, sonra millinin baş məşqçisi oldu. O, yığmaya gedəndən sonra Azər Məmmədov, Elmir Xankişiyev, Qoqa və İrakli Beraya qardaşları “Qarabağ”a gəlmişdi. Ona görə vaxtaşığı bizə baş çəkirdi. Bildiyimə görə, millinin bazasını “Qarabağ”da qurmaq istəyirdi. Deyərdim ki, karyeramın ən gözəl dönəmi idi o dövr.

- Futbolumuzun hazırkı durumundan xəbərdarsan. Səncə, ölkə futbolunun səviyyəsi 15 il əvvəl yüksək idi, yoxsa indi?

- Son 10-15 ildə futbolu Messi ilə Ronaldonun çiyinlərindədir. Düzdür, istedadlar var, amma onlara çatan və onları geridə qoyan yoxdur. Halbuki, 10-15 il əvvələ kimi bütün komandalarda ulduzlar toplusu vardı. “Milan”ı götürsək, Saviçeviç, Vea, Maldini, Papen, Albertininin adlarını çəkə bilərik. “İnter”də Vyeri, Ronaldo, Samorano, Salası yada salaq. Deməyim odur ki, təkcə Azərbaycanda yox, dünyada futbol əvvəlki simasından uzaq düşüb. Ona görə də bizim dövrümüzdəki azərbaycanlı futbolçuların indikilərlə müqayisədə daha üstün olduğunu düşünürəm.

- Hamı sənin kimi düşünür. Futbolçuların və futbolun səviyyəsi yüksək idisə, niyə o dövrdə Azərbaycan klubları avrokubokların qrup mərhələsinə vəsiqə qazana bilmirdi?

- Öz aramızdır, Azərbaycan klublarından neçəsi irəli getməyi bacardı? Ancaq “Qarabağ”.

- “Neftçi”ylə “Qəbələ” də Avroliqanın qrup mərhələsində oynayıb.

- Bilirəm, yaxşı xatırlayıram. Söhbət bir atımlıq barıtdan getmir axı. Mən komanda olaraq böyüməkdən və Avropaya səs salmaqdan bəhs edirəm. Mən Azərbaycanda oynayan dövrdə ölkə futboluna böyük pullar ayrılmağa başlamışdı və yeni nəsil yetişirdi. O vaxtkı gənc futbolçuları yaxşı xatırlayıram: Cavid Hüseynov, Elvin Məmmədov, Asif Məmmədov, Vüqar Nadirov, Vaqif Cavadov, Qara Qarayev, Rauf Əliyev, Əfran İsmayılov, Maksim Medvedev. Rasim Karanın dönəmində Qaranın 14-15 yaşı var idi, amma əsas komanda ilə məşq edirdi. Həmin uşaqlar böyüyüb, yaşlı nəslin yanında təcrübə toplayıb bir neçə ildən sonra “Qarabağ”a, “Qəbələ”yə, “Neftçi”yə fayda verməyə başladılar. Aralarında uzun illər millinin formasını geyinənlər də oldu. Artıq bu uşaqlar da yaşa dolub. 2-3 ilə karyeralarını başa vuracaqlar, hətta çoxu bitirib artıq. Ondan sonra nə olacaq? Kimlər oynayacaq? Problem bilirsiz nədədir?

- Nədə?

- Problem ondadır ki, vaxtilə Braziliya millisinin hücum xətində Romario, Ronaldo kimi hücumçular yer alırdı, bu gün Qabriel Jesus oynayır. Ronaldo ilə Jesus arasındakı səviyyə fərqinə baxın. Saviçeviç, Miyatoviç, Şuker, Boban, Prosineçki, Yarni, Bokşiç, Yuqoviç – bu gün keçmiş Yuqoslaviya ölkələri arasında bu adlara tay tuta biləcəyimiz oyunçular yoxdur. Deməyim odur ki, dünya futbolunun səviyyəsi aşağı düşüb, əvvəlki talantlar yetişmir.

- Mövzudan çox uzaqlaşdıq, geriyə qayıdaq. “Qarabağ”da işlər qaydasında olan vaxt “Bakı”yla anlaşdın. Nə baş vermişdi?

- Rəhbərliyin qərarı ilə “Qarabağ”da nəsildəyişmə prosesinə start verilmişdi. Buna görə də komanda əvvəlki iddiasından nisbətən uzaq düşmüşdü. Yüksək hədəf olmayan yerdə, açığı, qalmaq istəmirdim. “Bakı” isə yüksəlişdə idi, komandanın hədəfi artırdı. İdman motivasiyasına görə getmişdim ora, başqa səbəb yox idi. Rəhmətlik Böyükağa Hacıyev 1 il əvvəl məni “Bakı”da görmək istəyirdi. Sadəcə, həmin vaxt getməyi düzgün hesab etməmişdim.

- “Bakı”da illik məvacibin nə qədər idi?

- (bir müddət fikirləşəndən sonra) Dəqiq rəqəmi yadıma sala bilmirəm. O vaxt “Bakı”da maaşlar 100-200 min dollar arası idi.

- Bəs, “Qarabağ”da?

- “Qarabağ”da da təxmini o qədər verirdilər – 120-150 min dollar.

- Sən Azərbaycanda oynayan dövrdə bütün legionerləri ucdantutma milliləşdirirdilər: Andre Ladaqa, Leandro Qomes, Yuri Muzika, Fabio Luis Ramim, Usim Nduka, Ernani Pereyra, Markus Fereyra, Branimir Subaçiş, Aleksandr Çertoqanov. Sənə də Azərbaycan pasportu təklif olunmuşdu?

- Xeyr, mənə heç bir təklif olmamışdı. Həm də, bildiyimə görə, “Qarabağ”ın legionerlərindən heç kimə yerli pasport verilməmişdi.

- Sergey Sokolovda var idi.

- Hə, düzdür, onu Şahin Diniyev istəmişdi. “Qarabağ” o vaxt dəbdə olan pasport söhbətinə girişmirdi. Çünki kifayət qədər yerli futbolçusu var idi. Onu daha çox legionerlərə bel bağlayan klublar edirdi ki, əcnəbilər yerli futbolçu statusu ilə oynasın. Amma bu, heç də yaxşı hal deyildi. Elə futbolçuları milliləşdirirdilər ki, adam dəhşətə gəlirdi.

- Kimlərin adı səni dəhşətə gətirirdi?

- ... (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti