Ötən mövsüm “Şamaxı”nın Premyer Liqada qalmasında Leroy Mikelsin böyük rolu oldu.
Komandasının əsas fiqurlarından hesab olunan almaniyalı cinah oyunçusu vurduğu qollar və verdiyi məhsuldar ötürmələrlə adından söz etdirdi.
Və bunun nəticəsi kimi Rəşad Sadıqov onu “Zirə”də görmək həvəsinə düşdü.
30 yaşlı futbolçu yeni komandasında “Karvan-Yevlax”a qarşı meydana çıxdığı 6-cı oyunda qol hesabını açmağı bacardı. Həm də ona yaxşı tanış olan Şamaxı stadionunda.
Sportinfo.az-a açıqlama verən Mikels “Zirə” ilə “Şamaxı” arasındakı fərqlərdən danışıb:
“Əsas fərq komandaların hədəfində və onlardan gözləntilərdədir. Məşq prosesi, oyun quruculuğu, taktiki tapşırıqlar – hər birində müəyyən fərqliliklər nəzərə çarpır.
“Zirə”də daha çox topla hərəkət etmək tapşırığı alırıq, “Şamaxı”da əks-hücumlara bel bağlayırdıq.
Bu, sevdiyim oyun üslubudur. Əsas olan mütəmadi oynamaq və komandama fayda verməkdir.
“Şamaxı”yla bağlı heç vaxt unutmayacağım xoş xatirələrim var. Ümid edirəm ki, “Zirə”də edəcəklərim də karyeramda yeni səhifənin açılmasına səbəb olacaq”.
Mikels qardaşlarının kiçiyi olan Leroy ötən mövsüm bölgə təmsilçisinin heyətində meydana çıxdığı 24 oyunda 5 qol və 4 assistlə yadda qalmışdı.
HƏBİB

