Bakıya səfər edən “Çelsi” klubun rəsmi mənbələri vasitəsi ilə bəyanat yayıb.
İngilis qonaqları narazı salan məqam UEFA Gənclər Liqasıda “Qarabağ”la “Çelsi”nin U-19 komandaları arasında yaşanan hadisədir.
Belə ki, qonaqlar “köhlən atlar”ın qapısına yol tapandan sonra matçı izləyən şəxslərdən biri “Çelsi”nin futbolçularının ünvanına irqçi təhqirlər işlədib.
Baş vermiş olaydan oyunun UEFA nümayəndəsi də xəbər tutub ki, qarşılaşmanın məsul şəxsi bu barədə qeydlər aparıb. “Çelsi” tərəfi yaşananlarla bağlı ev sahibi klubu – “Qarabağ”ı da məlumatlandırıb.
Böyük ehtimalla, yaşanmış fakta görə UEFA Azərbaycan çempionunu cərimələyəcək.
Həmin şəxs kim olub? Hüquq-mühafizə orqanları təhqirə yol verən şəxsi müəyyən edə bilib? “Qarabağ” bu yöndə araşdırma aparıb? Klubun məsələyə mövqeyi necədir?
Suallara cavab tapmaq üçün Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq. Sözçü iki cümlə ilə kifayətləndi:
“Baş vermiş hadisədən xəbərdarıq. Hazırda bu yöndə araşdırma aparılır”.
“Qarabağ”la “Çelsi”nin U-19 komandaları arasında baş tutan oyun İngiltərə təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
HƏBİB / SPORTİNFO.AZ

